14 
Dek
2025
12:37
227

Tbilisidə xüsusilə külli miqdarda narkotiklə bağlı əməliyyat: 5 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani–Nadzaladevi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına yardım göstərilməsi faktları üzrə 5 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər arasında 2001-ci il təvəllüdlü H.K., əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü N.X. və 1977-ci il təvəllüdlü D.M., eləcə də xarici ölkə vətəndaşları – 1977-ci il təvəllüdlü R.S. və 2003-cü il təvəllüdlü İ.K. var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərlərinə, yaşayış evlərinə və avtomobillərinə baxış zamanı, eləcə də aparılan istintaq eksperimenti çərçivəsində onların göstərdikləri ünvanlardan sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər. Götürülən maddələr arasında “metadon”, “alfa-PVP”, “tetrahidrokannabinol” və “qurudulmuş marixuana” yer alır.

Bundan əlavə, saxlanılanlardan biri – D.M.-nin yaşadığı mənzildən qanunsuz odlu silahlar və döyüş sursatı da aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prima və 236-cı maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın