13 
Dek
2025
13:27
109

Çexiyanın baş naziri Aİ-də yeni reallıqlardan və qaçılmaz dəyişikliklərdən danışıb

Çexiyanın baş naziri Andrey Babiş Avropa İttifaqında formalaşan yeni reallıqlar və qaçılmaz dəyişikliklərlə bağlı açıqlama verərək bildirib ki, Avropa Brüssel deyil və üzv ölkələrə öz siyasətlərini müstəqil şəkildə idarə etmək imkanı tanınmalıdır.

Onun sözlərinə görə, Avropanı kənar şəxslərdən deyil, Avropanın mahiyyətini unutmuş “daxili” dairələrdən geri almaq lazımdır. Babiş vurğulayıb ki, Avropa Brüsseldən ibarət deyil, Avropa Praqa, Varşava, Budapeşt, Roma, Paris və Madriddir. O qeyd edib ki, Avropa öz səslərinin eşidilməsini istəyən vətəndaşların səsidir, xalqların özlərini idarə etmək hüququdur.

Çexiyanın baş naziri bildirib ki, bu həm də ailələrin uşaqlarını ideoloji müdaxilə olmadan böyütmək haqqıdır və heç vaxt unudulmamalıdır ki, öz xalqını unudan Avropa gələcəyi olmayan Avropadır.

Andrey Babişin sözlərinə görə, Avropanı xilas etmək istədikləri üçün “patriotlar dövrü” artıq başlayıb. O çağırış edərək qeyd edib ki, patriotlar kimi birlikdə dayanmaq, uşaqların layiq olduğu Avropa uğrunda mübarizə aparmaq lazımdır. Baş nazir vurğulayıb ki, bu, azadlıq, suverenlik, ailə və Avropanın gələcəyi uğrunda mübarizədir.

Bizimlə əlaqə saxlayın