Kobaxidze: “Avropa İttifaqında qeyri-formal təsirlər ciddi şəkildə aktivdir”
"Avropa İttifaqında baş verən proseslərdə qeyri-formal təsirlər əsas rol oynayır və məhz bunun nəticəsi olaraq Gürcüstanla bağlı əsassız qərarlar və bəyanatlar qəbul edilir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, son illərdə Aİ-də müşahidə olunan irrasional qərarlar və absürd ifadələr həmin təsir mexanizmlərinin nəticəsidir:
“Bu gün Avropa İttifaqında gördüyümüz – o cümlədən Gürcüstanla bağlı qəbul edilən absurda yaxın qərarlar və bəyanatlar – hamısı qeyri-formal təsirlərin nəticəsidir. Uzun müddətdir dediklərimizi indi ABŞ-dan müəyyən şəxslər də təkrarlayır. Bu barədə hər kəs düşünməlidir.”
Kobaxidze qeyd edib ki, ABŞ-ın hazırkı administrasiyası Gürcüstan hakimiyyətinin illərdir səsləndirdiyi mövqeləri təsdiqləyir və artıq bəzi dairələr üçün bu fikirlər daha inandırıcı görünməyə başlayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan hökuməti Avropa İttifaqında müşahidə olunan mənfi tendensiyaların dəyişəcəyinə ümid edir:
“Son illər ərzində Avropa İttifaqında açıq şəkildə gördüyümüz tendensiyalar barədə sadə həqiqətləri sübut etməyə çalışırdıq. Buna görə bizi ‘prorusiya hökuməti’ adlandırırdılar. Bu gün isə həmin məqamlar barədə ABŞ-ın hazırkı administrasiyası danışır. Biz illərdir faktlarla dediklərimizi indi bəziləri yeni başa düşür. Reallıq budur – Aİ-də vəziyyət ağırdır. Ümid edirik ki, bu proseslər müsbət istiqamətə dönəcək. Gözləyək və görək.”


