12 
Dek
2025
13:56
335

Gürcüstanın birinci vitse-spikeri: “Əgər forumda Putin iştirak edirsə, bu, Gürcüstanın Baş nazirinin Azərbaycan Baş naziri ilə görüşməməli olduğu anlamına gəlmir”

"Aşqabadda keçirilən beynəlxalq forumda Vladimir Putinin iştirakı Gürcüstan Baş nazirinin Azərbaycan Baş naziri ilə görüşməsinə mane olmur."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin birinci vitse-spikeri Gia Volski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu məsələdə izahat verməyə ehtiyac yoxdur, çünki söhbət ölkənin gələcəyinin müəyyən ediləcəyi yüksək səviyyəli tədbirdən gedir.

Volskinin sözlərinə görə, Türkmənistanda keçirilən forum Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır:

“Aşqabad görüşü bizim üçün xüsusi önəmlidir. Əgər biz işğaldan danışırıqsa, hamı yaxşı bilir ki, işğalçı kimdir. Gürcüstan Rusiyayla diplomatik münasibəti olmayan yeganə ölkədir. Burada özünü müdafiə etməyə ehtiyac yoxdur – Baş nazir məhz ona görə gedib ki, orada Gürcüstanın sabahı müəyyən olunur və planlaşdırılır. Əgər bu tədbirdə Putin iştirak edirsə, bu o demək deyil ki, Baş nazir Azərbaycan Baş naziri ilə görüşməməlidir.”

Volski bildirib ki, tədbirdə iştirak Gürcüstanın milli maraqları ilə bağlıdır və heç bir ölkənin daxili idarəçilik üslubu buna mane olmamalıdır:

“Əgər Türkmənistana, yaxud onun idarəçilik tərzinə iradlarımız varsa belə, bu, bizim maraqlarımızı rəhbər tutmamağımız anlamına gəlmir. Əgər biz Çinlə əməkdaşlıq ediriksə, bu, Avropanın tənqidinə qoşulmalı olduğumuz mənasına gəlmir – axı onlar özləri Çinə gedir və nəhəng müqavilələr imzalayırlar.”

Vitse-spiker qeyd edib ki, Gürcüstanın işğal olunmuş əraziləri məsələsində dövlət mövqeyi dəyişməyib və ölkə bütün beynəlxalq sənədlərdə eyni xətti davam etdirir:

“Sonuncu BMT qətnaməsi daxil olmaqla, bütün sənədlərdə bizim mövqeyimiz dəyişməyib. Əgər kimsə tələb edirsə ki, bu cür yüksək səviyyəli görüşlərdə Baş nazir küçədə qışqırılan şüarları təkrarlasın, belə şeylər mümkün deyil.”

Volski əlavə edib ki, beynəlxalq forumlarda iştirak Gürcüstanın gələcək perspektivləri üçün vacibdir:

“Əgər elə düşünürsünüz ki, bu görüşlər və forumlarsız Gürcüstanın gələcəyi ola bilər, çox yanılırsınız. Məncə, bu yanaşma sırf təbliğat maraqlarından irəli gəlir.”

Qeyd edək ki, 11–12 dekabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda Sülh və Etimadın Beynəlxalq İli çərçivəsində Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilir. Tədbirdə Türkmənistan, Rusiya, Türkiyə, Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İran prezidentləri, həmçinin Azərbaycan, Macarıstan, Gürcüstan və Pakistanın baş nazirləri iştirak edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər