10 
Dek
2025
10:18
322

Tbilisi–Rustavi magistralının 2-ci hissəsinin tikintisi üzrə elan edilmiş tender baş tutmadı

Tbilisi–Rustavi magistral yolunun 2-ci hissəsinin tikintisi üçün Bələdiyyə İnkişaf Fondu tərəfindən elan edilmiş tender nəticəsiz qalıb.

InterPress.ge xəbır verir ki, sənədlərə əsasən, işlərin icrasına yalnız bir şirkət – YDA İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti maraq göstərib, lakin texniki sənədləşmə ilə bağlı tələblərə uyğun gəlmədiyinə görə diskvalifikasiya olunub və satınalma həyata keçirilməyib.

Tbilisi–Qırmızı Körpü (Azərbaycan sərhədi) beynəlxalq əhəmiyyətli avtomobil yolunun Tbilisi–Rustavi 2-ci hissəsinin tikintisi və modernizasiya işlərinin ümumi dəyəri 112 701 314 lari olaraq müəyyənləşdirilmişdi.

Layihəyə əsasən, yeni yolun uzunluğu 3,6 km təşkil edir. Çərçivədə 7 yeni körpü keçidinin inşası planlaşdırılır. Yol Mtkvari (Kür) çayının sol sahilinə yönəldiləcək və Tbilisi meriyası tərəfindən maliyyələşdirilən tikinti sahəsinə birləşdiriləcək. Daha sonra yol yenidən sağ sahilə qaytarılacaq və nəqliyyat əlaqələri yaxşılaşdırılacaq.

Sənədlərdə qeyd olunur ki, iki səviyyəli yol qovşağı həm yerli, həm də tranzit axının tələblərinə cavab verir. Bundan əlavə, mövcud yolda, Poniçala ərazisində, yerli hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın inşası nəzərdə tutulur.

Mtkvari sahilində, km 6+050 və km 6+300 nöqtələrində piyadalar üçün təhlükəsiz keçidlər işıqforlarla təmin edilməklə istirahət meydançalarının yaradılması planlaşdırılır.

Avtomobil yolunda layihə üzrə hərəkət sürəti 80 km/saat olaraq müəyyən edilib. Yol təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq yol nişanları, nişanlanma xətləri, baryerlər, küçə işıqlandırılması və digər infrastruktur nəzərdə tutulur.

Xatırladaq ki, Tbilisi–Rustavi magistralının bu layihəsi Tbilisi–Qırmızı Körpü (Azərbaycan sərhədi) yolunun bir hissəsidir. Layihə bir neçə lot üzrə bölünüb və qeyd olunan Poniçala–Rustavi hissəsi yolun ikinci bölməsidir. Qeyd etmək lazımdır ki, Tbilisi–Rustavi yolunun 17 km-lik ümumi hissəsinin 13,5 km-lik bölümü artıq 2018-ci ildən istifadədədir.

Həmçinin bildirilib ki, yolun bu hissəsi əvvəlcə Poniçala ərazisindən keçməli idi, lakin əhalinin etirazları səbəbindən layihə 2019-cu ildə dayandırılıb.

Məlumata görə, Tbilisi–Rustavi magistral layihəsinə 2014-cü ildə Bələdiyyə İnkişaf Fondu tərəfindən başlanılıb və işlər Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə həyata keçirilir. Yolun birinci və üçüncü hissələrinin tikintisi artıq başa çatıb və layihə üzrə 184 milyon lari xərclənib.

Bizimlə əlaqə saxlayın