Levan Maçavariani: “Su şırnağında icazəli maddələrin istifadəsi Avropa ölkələrində də qəbul olunmuş praktikadır”
“Gürcü Arzusu” fraksiyasının sədrinin birinci müavini Levan Maçavariani parlamentin plenar iclasında çıxış edərək müxalif deputat Giqa Farulavanın iddialarına cavab verib və bildirib ki, su şırnağında müəyyən maddələrin qarışdırılması beynəlxalq təcrübədə geniş tətbiq olunan, qanunla icazə verilən praktikadır.
Maçavarianinin sözlərinə görə, müxalifətin “dinc aksiya” kimi təqdim etdiyi etirazlar əslində açıq-aşkar zorakı xarakter daşıyırdı:
“Farulava təkrar edir ki, bu, guya dinc aksiya idi. Televiziyada kim hansı kanalı açsaydı, hamı eyni mənzərəni görürdü – parlament binası yanırdı, polis əməkdaşlarına fişəng və ‘Molotov kokteyli’ atırdılar. Bu, adi zorakı aksiyadır! 170-dən çox xəsarət alan polis var, onların bir hissəsi fişənglərdən yanıq alıb, bəzilərinə cərrahi müdaxilə lazım olub, biri isə görmə qabiliyyətini itirib. Bunlar barədə bircə kəlmə demirsiniz,” – deyə o qeyd edib.
O həmçinin bildirib ki, polisə hücum baş verən istənilən aksiyanın zorakılıq kimi qiymətləndirilməsi mütləqdir və bu məsələdə bütün siyasi qüvvələr vahid mövqedə olmalıdır.
Su şırnağında kimyəvi maddələrin istifadəsinə dair tənqidlərə gəlincə, Maçavariani qeyd edib:
“Su şırnağına qanunla icazə verilən maddələrin əlavə olunması zorakı aksiyaların dağıdılması zamanı Avropa İttifaqının aparıcı ölkələrində də tətbiq olunan standart praktikadır. Burada əsas məsələ maddənin qanuni olmasıdır. Bu mövzu ilə bağlı araşdırma artıq başa çatıb və məsələ qapanıb.”
Maçavariani çıxışında keçmiş Baş nazir Giorgi Qaxarianın dövründə baş verən hadisələri də xatırladaraq, o zaman verilmiş əmrlərin nəticəsində gənclərin ağır şəkildə xəsarət aldığını bildirib və müxalifəti bu barədə də sual verməyə çağırıb.


