Kobaxidze ali təhsil müəssisələrinə tələbə qəbulu sistemində planlaşdırılan dəyişikliklərdən danışdı
Gürcüstanın baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə ali təhsil müəssisələrinə tələbə qəbulu sistemində planlaşdırılan dəyişikliklərdən danışıb. Onun sözlərinə görə, qəbul ediləcək tələbələrin ümumi sayı əsasən eyni qalacaq, lakin fakültələr üzrə kvotalar əmək bazarının təhlilinə əsaslanacaq.
Baş nazir bildirib ki, illər ərzində universitetlərə tələbə qəbulu heç vaxt əmək bazarının dərin araşdırmasına uyğunlaşdırılmayıb.
“İndiyədək heç kim qiymətləndirmirdi ki, ölkəyə neçə hüquqşünas, iqtisadçı, inşaatçı, mühəndis, həkim və ya digər ixtisas sahibləri lazımdır. Biz hazırda əmək bazarının analizi üzərində fəal işləyirik. Yaxın vaxtlarda ilkin sənəd təqdim olunacaq və gələn ilin yazında qəbul elan ediləndə proses məhz əmək bazarının tələblərinə əsaslanacaq. Kvotalar ixtisaslar üzrə yenidən bölüşdürüləcək. Tələbə qəbullarının ümumi sayı isə mahiyyət etibarilə dəyişməyəcək,” – Kobaxidze vurğulayıb.
Baş nazir brifinqdə həmçinin təhsil islahatının digər mühüm hissəsinə toxunub – dövlət universitetlərində təhsilin tam şəkildə pulsuzlaşdırılması.
Kobaxidzenin sözlərinə görə, bu qərar həm sosial baxımdan, həm də ümumi təhsil siyasəti baxımından böyük əhəmiyyət daşıyır.
“Bizim hakimiyyət dövründə məktəbəqədər təhsil pulsuz oldu. Ümumtəhsil sistemi də tamamilə pulsuzdur. Buna artıq üçüncü pillə – ali təhsil də əlavə olunur. Gələn ildən və növbəti illərdə dövlət universitetlərinə qəbul olunan bütün tələbələr üçün təhsil tamamilə pulsuz olacaq. Bu, o deməkdir ki, ölkə mərhələli şəkildə tam pulsuz ali təhsil modelinə keçir. Sistem tam gücü ilə 5 il ərzində formalaşacaq. Artıq gələn ildən qəbul olan tələbələr təhsil haqqı ödəməyəcək, onların maliyyələşdirilməsini dövlət öz üzərinə götürəcək. Bu, xüsusilə sosial baxımdan son dərəcə mühüm addımdır,” – o qeyd edib.
Baş nazir bildirib ki, hökumətin əsas prioritetlərindən biri gənclərin dəstəklənməsi və onların maliyyə yükünün azaldılmasıdır: “Bu güzəşt gələcək tələbələr üçün çox böyük əhəmiyyətə malik olacaq.”


