Baş nazir: “BBC-nin reportajındakı digər saxta ittihamlar ‘kamit’ haqqında yalan iddia üzündən diqqətdən kənarda qaldı”
"Britaniya yayın şirkətinin yayımladığı reportajda dövlət əleyhinə yönəlmiş bir sıra başqa saxta ittihamlar da var."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin iddialar ictimai müzakirəyə çıxmadı, çünki guya ‘kamit’ adlı qadağan olunmuş maddənin tətbiqi ilə bağlı yalan xəbər bütün digər məsələləri kölgədə qoydu.
Baş nazir açıqlayıb ki, 2024-cü il 28 noyabrdan 2025-ci il 28 yanvarınadək baş vermiş “zorakı aksiyalar” dövründə stasionar tibb müəssisələrinə yüngül intoksikasiya diaqnozu ilə cəmi 5 nəfər yerləşdirilib və onlar ertəsi gün xəstəxanadan buraxılıblar.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan hakimiyyətini ittiham etmək üçün adı çəkilən kimyəvi maddə – “kamit” – dünyada ən ağır toksik vasitələrdən biridir və onun kəskin yan təsirləri nəzərə alınarsa, belə maddənin tətbiqi real olsaydı, aksiyalarda iştirak edənlərin səhhətində silinməz izlər qalardı və yüksək ehtimalla ölüm hallarına səbəb olardı.
Baş nazir vurğulayıb ki, bu iddiaları təsdiq edən heç bir fakt, o cümlədən uyğun simptomlarla həkimə müraciət etmiş hər hansı zərərçəkmiş şəxs yoxdur. Onun sözlərinə görə, qanunsuz aksiyalarda iştirak edənlərdən heç biri kimyəvi maddənin təsiri ilə bağlı şikayət etməyib.
Eyni məlumatı bir daha təsdiqləyən Kobaxidze bildirib ki, qeyd olunan iki ay ərzində xəstəxanalara yüngül zəhərlənmə əlamətləri ilə daxil olan cəmi 5 nəfər ertəsi gün ambulator müalicəyə buraxılıb.
Baş nazir əlavə edib ki, BBC-nin reportajında yer alan digər əsassız ittihamlar da dövlətə qarşı yönəlib, lakin kamitlə bağlı uydurma iddianın yaratdığı səs-küy onların müzakirəyə çıxmasına imkan verməyib.


