Tbilisidə etiraz aksiyası keçirilir
Tbilisidə keçirilən etiraz yürüşü bu dəfə hökumət administrasiyasının qarşısında davam edir.
InterPress.ge xəbər verir ki, etirazçılar binaya doğru “Ruslar, ruslar” şüarlarını səsləndirərək irəliləyiblər.
Administrasiyanın girişində isə gücləndirilmiş polis kordonu yerləşdirilib.
Aksiya iştirakçıları Vladimir Putinin və Bidzina İvanişvilinin təsviri olan plakatı da yandırıblar.
Etirazçılar “Rejim bizi zəhərləyir, beynəlxalq istintaq keçirilsin” şüarı ilə günün əvvəlində Filarmoniya binası önündə toplaşmışdılar. Onlar tələb edirlər ki, 2024-cü ilin noyabr-dekabr aylarında keçirilmiş aksiyaların dağıdılması zamanı su şırnağında hansı maddənin istifadə olunduğu beynəlxalq səviyyədə araşdırılsın. Aksiya iştirakçıları yerli istintaqa etibar etmədiklərini bildirir və həqiqətin müəyyənləşməsi üçün müstəqil beynəlxalq araşdırmanın vacibliyini vurğulayırlar.
Xatırladaq ki, BBC-nin yaydığı araşdırmada qeyd olunurdu ki, Gürcüstan hakimiyyəti ötən il hökumət əleyhinə etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə edib. BBC-nin müsahibə verdiyi vətəndaşlar gözlərin yanması, nəfəs darlığı, öskürək və uzun müddət davam edən qusma kimi əlamətlərdən şikayətlənirdilər. Ekspertlər və xüsusi təyinatlı qüvvələrin nümayəndələri ilə aparılmış müsahibələrdə “Kamit” adlı maddənin istifadəsinə işarə edən dəlillər təqdim olunduğu bildirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasına görə isə 4-5 dekabr gecəsi kütlənin idarə edilməsi üçün istifadə olunan maddə “xlorobenziliden malononitril” olub və onun həll edilməsi üçün “propilen qlikol” tətbiq edilib. Qurumun məlumatına əsasən, bu maddələrin heç biri qadağan edilmiş kateqoriyaya aid deyil, “Kamit” adlı maddə isə Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən heç vaxt alınmayıb.


