Fransa Milli Assambleyası Gürcüstanla bağlı qətnamə layihəsini dəstəklədi
Fransa Milli Assambleyasının Avropa məsələləri komitəsi Gürcüstanla bağlı xüsusi qətnamə qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi internet səhifəsində dərc olunub.
Bildirilib ki, 3 dekabrda keçirilən iclasda komitə Gürcüstan hökumətinin “anti-liberal və avtoritar geri dönüşünü qınayan və Gürcüstanın Avropa gələcəyinə dəstəyi təsdiqləyən” qətnamə layihəsinə dəstək verib. Sənəd müzakirə üçün Xarici İşlər Komitəsinə göndərilib.
Qətnamədə Fransa hökumətinə çağırış edilir ki, “Avropalı tərəfdaşlarla koordinasiyada Avropa Parlamentinin 2025-ci il 13 fevral tarixli qətnaməsində adı çəkilən şəxslərə, o cümlədən Bidzina İvanişvili və onun yaxın ətrafına qarşı hədəfli fərdi sanksiyaların tətbiqinə dəstək versin”.
Sənədin mətnində qeyd olunur ki, son aylarda Gürcüstanda yaranmış siyasi vəziyyət narahatlıq doğurur. Qətnamədə vurğulanır ki, 2024-cü il 26 oktyabr parlament seçkilərindən sonra hökumət dəyişikliyi ölkənin əvvəlki Avropa kursundan uzaqlaşmanı göstərib. “Gürcü Arzusu”nun formalaşdırdığı yeni hökumətin atdığı addımlar, sənədə görə, “Avropa demokratik dəyərlərindən uzaqlaşma və vətəndaş cəmiyyəti ilə gərginliyin artması” ilə müşayiət olunur.
Qətnamədə qeyd edilir ki, bu meyillər qəfil olmayıb və Avropa institutları hələ 2024-cü ilin yayında narahatlıqlarını ifadə etmişdilər: Avropa Şurası 2024-cü ilin iyununda ədalətli seçki təminatına çağırmış və rəqiblərə, jurnalistlərə təzyiqləri pisləmişdi. 26 oktyabr seçkilərinin “ədalətsiz şəraitdə keçirilməsi” bu xəbərdarlıqları təsdiqləmiş sayılır.
Sənədə əsasən, Gürcüstanda “insan hüquqlarının pozulması, müxalifətin təqibi, tarixin yenidən yazılması və Moskvadan artan təsir sistemli dəyişiklikləri nümayiş etdirir”.
Qətnamə nəticə olaraq bildirir ki, Fransa və Avropa İttifaqı Gürcüstan cəmiyyətinin böyük hissəsinin demokratik prinsiplərə sadiqliyini, Avropa suverenliyi və Avropa inteqrasiyası istəyini dəstəkləmək üçün qətiyyətlə hərəkət etməlidir.


