DTX qarşısında “Xabeyişviliyə azadlıq” şüarı ilə etiraz aksiyası keçirilir
Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında “Vahid Milli Hərəkat”ın həbsdə olan liderlərindən Levan Xabeyişvilinin dəstəyi məqsədilə etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiyada partiya üzvləri, ailə üzvləri, yaxınları və tərəfdarlar iştirak edirlər.
Onların sözlərinə görə, Levan Xabeyişvili “siyasi açıqlamalarına görə” həbsdə saxlanılır və “müstəqil Gürcüstan tarixində ilk dəfə bir siyasətçi siyasi bəyanatına görə həbs olunub”.
Aksiyada çıxış edən Xabeyişvilinin yaxın dostu Mariam Dolidze bildirib ki, siyasətçi heç bir əmələ görə deyil, səsləndirdiyi sözlərə görə dörd divar arasında saxlanılır. O deyib ki, 2024-cü ildə “rus qanununun” qəbul edildiyi gün etirazçı gəncə kömək etməyə qaçan Xabeyişviliyə “rus rejiminin xüsusi təyinatlıları qəddarcasına divan tutub”, onu yarım saat ərzində döyüblər və öldürməklə hədələyiblər.
Dolidzenin sözlərinə görə, həmin vaxt hadisə yerində güc strukturlarının yüksək vəzifəli şəxsləri də olub, lakin indiyədək heç bir şəxs dindirilməyib və ya məsuliyyətə cəlb edilməyib. O əlavə edib ki, Xabeyişvili illərdir müxtəlif yüksək vəzifəlilərin korrupsiya hallarını ifşa edirdi və buna görə hədəfə çevrilmişdi.
Mariam Dolidze qeyd edib ki, Levan Xabeyişvilinin 85 gündür nə telefon zəngi, nə də görüş hüququ var və onun tam şəkildə “xarici dünya ilə əlaqəsi kəsilib”. O bunu “insanlıqdan kənar rəftar və işgəncə” kimi qiymətləndirib.
Aksiyada digər müxalif siyasətçilərin və fəalların adları da çəkilərək onların da azadlığa buraxılması tələb olunub. Dolidze sonda bildirib:
“ Levan Xabeyişviliyə və rejimin bütün siyasi məhbuslarına azadlıq! Azadlıq Gürcüstana!”


