Mixeil Saakaşvili BBC araşdırmasından sonra Haaqaya müraciət etdi
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib ki, o, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət edib və Gürcüstanın “de-fakto hökumətinə” qarşı istintaqın başladılmasını tələb edir. Saakaşvilinin sözlərinə görə, müraciət ölkə vətəndaşlarına qarşı guya qadağan olunmuş kimyəvi maddələrin tətbiqinin araşdırılmasını nəzərdə tutur.
Saakaşvili qeyd edib ki, yerli hüquq-mühafizə orqanlarının bu məsələni obyektiv şəkildə araşdıracağına heç bir ümid yoxdur və buna görə də beynəlxalq məhkəməyə müraciət zəruri addımdır.
“Bu istintaq vacibdir, çünki yerli strukturların bunu ciddi araşdıracağına inam yoxdur. Haaqa prosesə illər sərf edəcək, lakin araşdırmanın başlanması belə ciddi təsir göstərəcək. 2019-cu ildə mənim təşəbbüsümlə 2008-ci il müharibəsi üzrə hazırladığımız 300 səhifəlik sənədi ICC-yə təqdim edən beynəlxalq hüquqşünaslar qrupuyla təcrübəm vardı. O zaman məhkəmə tam şəkildə Gürcüstanı haqlı bildi və rus rəsmilərinə ittiham irəli sürüldü”, – deyə Saakaşvili yazıb.
Keçmiş prezident əlavə edib ki, onun bu addımı yeni təzyiqlərə və cəzalara səbəb ola bilər, lakin o, xalqın müdafiəsi üçün səssiz qala bilməyəcək.
Saakaşvilinin müraciəti BBC tərəfindən yayımlanmış araşdırmaya cavab olaraq verilib. Həmin materialda iddia olunurdu ki, 2024-cü il noyabr–dekabr aksiyalarının dağıdılması zamanı polis guya I Dünya müharibəsi dövrünə aid “kamit” adlı kimyəvi maddədən istifadə edib. BBC-nin müsahibə verdiyi ekspertlərin və həkimlərin sözlərinə görə, aksiyada iştirak edən bəzi şəxslər uzun müddət göz yanması, nəfəs darlığı, öskürək və qusma kimi simptomlardan şikayət etmişdilər.
Reportaj yayımlandıqdan sonra Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti iki maddə üzrə istintaqa başlayıb:
– vəzifə səlahiyyətlərinin aşılması,
– xarici təşkilat üçün düşmən fəaliyyətinə yardım.
İstintaq davam edir.


