03 
Dek
2025
14:43
154

Gürcüstan hökuməti BBC-nin araşdırması ilə bağlı Britaniyanın tənzimləyici qurumuna müraciət edəcək

Gürcüstan hökuməti BBC tərəfindən yayımlanmış jurnalist araşdırması ilə əlaqədar Britaniyanın Kommunikasiyalar üzrə Tənzimləyici Komissiyasına müraciət etməyə hazırlaşır.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, zərurət yaranacağı halda məsələ beynəlxalq ədliyyə instansiyalarına da çıxarıla bilər.

Kobaxidzenin açıqlamasında vurğulanır ki, BBC „mövzunun dramatizasiya məqsədi ilə“ mitinqlərin dağıdılması zamanı guya I Dünya müharibəsi dövrünə aid qadağan olunmuş “kamit” adlı kimyəvi maddənin istifadə edildiyi barədə bilərəkdən yalan məlumat yayıb. O xatırladıb ki, daxili işlər naziri artıq açıq şəkildə təsdiqləyib: bu maddə nə ötən ilki aksiyaların dağıdılması zamanı, nə də əvvəlki illərdə – o cümlədən “Vahid Milli Hərəkat” hakimiyyətdə olduğu dövrdə – heç vaxt satın alınmayıb və istifadə olunmayıb.

Baş nazir bildirib ki, BBC-nin yayımladığı məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaq başlanıb və yaxın günlərdə bütün detallar ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, yayılan süjet “yalnız saxta xəbər deyil, həm də xarici xüsusi xidmət orqanlarının imzası ilə hazırlanmış ucuz təxribatdır”.

Kobaxidze iddia edir ki, bu təbliğatın iki məqsədi var:

1. Sönmüş etiraz dalğasını süni şəkildə yenidən alovlandırmaq;

2. Gürcü xalqına və seçilmiş hökumətə qarşı beynəlxalq təzyiq mexanizmlərini genişləndirmək.

Baş nazir vurğulayıb ki, yaxınlaşan ATƏT və Avropa Komissiyası toplantılarında bəzi xarici siyasi dairələr BBC-nin iddialarından sitat gətirməyə çalışacaq. Onun sözlərinə görə, bu kampaniya “Saakaşvilinin zəhərlənməsi ilə bağlı vaxtilə yayılmış əsassız iddiaların təkrarına bənzəyir”.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan üçün prinsipial məsələ BBC-nin yayımladığı məlumatın cavabsız qalmamasıdır:

“İstintaqla paralel olaraq, həm Britaniyanın Kommunikasiyalar üzrə Tənzimləyici Komissiyasına, həm də lazım gələrsə, beynəlxalq ədliyyə instansiyalarına müraciət edəcəyik ki, BBC bu yalan informasiyaya görə məsuliyyət daşısın və xüsusi xidmətlərin izi olan bu saxtakarlığı rəsmi şəkildə təkzib etsin”, – deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın