Tbilisi bağçalarının 60 minədək uşağına yenilənmiş Yeni il hədiyyə dəstləri təqdim olunacaq
Yeni ilin yaxınlaşması ilə əlaqədar Tbilisi Uşaq Bağçaları Agentliyi ənənəvi bayram hədiyyələrinin hazırlanmasını tamamlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər meriyasının iclasında məlumat verib.
Onun sözlərinə görə, paytaxt bağçalarının 60 minədək balaca sakini yenilənmiş hədiyyə dəstləri alacaq.
Kaladzenin açıqlamasına görə, hər il hədiyyə qutularının tərkibində yeniliklər edilir və bu il də bağçalarda qeydiyyatda olan bütün uşaqlara yüksək keyfiyyətli 10 çeşiddən ibarət şirniyyat və ekoloji cəhətdən təmiz materialdan hazırlanmış yeni il tematikası olan müxtəlif növ oyuncaqlar təqdim olunacaq.
Mer bildirib ki, hədiyyələrin bağçalara çatdırılması artıq başlayıb və proses 15 dekabradək tam yekunlaşacaq.


