Analitik Vaxtanq Tofuria: “Etirazların səngiməsi fonunda Qərb Gürcüstan hakimiyyətinə qarşı alternativ təzyiq mexanizmlərindən istifadə edir”
“Faktmonitori”nin analitiki Vaxtanq Tofuria sosial şəbəkə X-də BBC-nin Gürcüstan barədə yayımladığı araşdırmaya münasibət bildirib. Onun sözlərinə görə, ölkədə etiraz dalğasının səngiməsi ilə paralel olaraq Qərb tərəfdaşları Gürcüstan hökumətinə qarşı yeni təzyiq alətlərini işə salırlar.
Tofuria qeyd edir ki, BBC-nin materialı Gürcüstan hakimiyyətinə qarşı məqsədli kampaniyanın bir hissəsidir:
“BBC-nin Gürcüstan hakimiyyətinə qarşı böhtanı. Ölkədə etiraz aksiyalarının sönməsi ilə yanaşı, Qərb ‘partnyorları’ təsdiqlənmiş digər təzyiq mexanizmlərinə əl atırlar. Media hakimiyyəti etiraz aksiyalarının dağıdılması zamanı kimyəvi silah tətbiqində ittiham edir,” – deyə analitik yazıb.
BBC-nin araşdırması Gürcüstan hökumətinin 2024-cü il etirazlarını dağıdanda guya Birinci Dünya müharibəsi dövrünün kimyəvi maddəsindən istifadə etdiyini iddia edir. Tbilisi bu ittihamları qəti şəkildə rədd edir.


