Avtomobil qəzasını saxtalaşdıraraq pul tələb edən 2 nəfərə ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu Rustavi şəhərində qrup halında başqasına məxsus əmlakın qəsdən zədələnməsi və dələduzluq yolu ilə pul ələ keçirməyə cəhd faktına görə iki nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
İstintaqın məlumatına görə, 2025-ci il 26 noyabrda saxlanılan şəxslər maddi qazanc əldə etmək məqsədilə özlərinə məxsus avtomobili qəsdən zərərçəkmişin avtomobilinə vurublar və ona 2300 lari ziyan vurublar.Daha sonra onlar qəzanın guya zərərçəkmişin günahından baş verdiyini iddia edərək, dəymiş ziyanın “kompensasiya edilməsi” üçün ondan 600 ABŞ dolları tələb ediblər.
Prokurorluğun məlumatına əsasən, saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin:187-ci maddəsinin 2-ci hissəsi “g” bəndi (qrup halında əmlakın qəsdən zədələnməsi),19-180-ci maddənin 2-ci hissəsi “a” və “b” bəndləri (qrup halında, əvvəlcədən razılaşdırılmış şəkildə dələduzluğa cəhd) üzrə ittiham irəli sürülüb. Cinayətlər 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.
İstintaq zamanı əlavə olaraq müəyyən edilib ki, həmin şəxslərin il ərzində eyni sxem üzrə 63 yol qəzası faktı mümkündür və onların 60 hadisədə inzibati icraat zamanı “haqlı” hesab edildiyi ehtimal olunur.
Hazırkı istintaq çərçivəsində bütün yol qəzası hallarının detallı təhlili aparılacaq və hüquqi əsas aşkar ediləcəyi təqdirdə, zərərçəkmiş şəxslərə tətbiq edilmiş inzibati cərimələr ləğv ediləcək, həm fiziki şəxslərə, həm də sığorta şirkətlərinə vurulmuş ziyanın həcmi müəyyən ediləcək.
Daxili İşlər Nazirliyi cinayət işi üzrə istintaqı davam etdirir.


