Nino Tsilosani: “BBC araşdırmanı həmin şəxsin sözlərinə əsaslanaraq qurur – özü də etiraf edir ki, heç bir tibbi tədqiqat aparmayıb”
Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani sosial şəbəkədə həkim Konstantine Çaxunaşvilinin videosunu paylaşaraq bildirib ki, BBC-nin Gürcüstan hökumətinə qarşı ittihamları etibarlı sübutlara deyil, yalnız etirazçılar arasında aparılmış sorğu və subyektiv təsəvvürlərə əsaslanır.
Tsilosani xatırladıb ki, Çaxunaşvili özü də etiraf edib — aksiya vaxtı guya istifadə olunmuş “kamit” adlı maddə ilə bağlı heç bir tibbi araşdırma aparmayıb:
“BBC, hansı ki: ▪️ Gürcüstanda çevriliş cəhdlərini tamamilə görməzdən gəlir;
▪️ 4 oktyabrda hakimiyyətin devrilməsinə çağırışları və Prezident Sarayına hücumu dünyadan gizlədir;
▪️ Məhkəmənin yandırılmasına yönəlmiş terror aktı barədə bir xəbər belə hazırlamayıb;
indi də psixodelik yalanlarla hökumətə qarşı kimyəvi maddə istifadə edilməsi kimi absurd ittihamlar səsləndirir.
Daha da pisi – BBC həmin şəxsin sözlərinə əsaslanır ki, o, videoda açıq deyir: heç bir tibbi araşdırma aparmamışam.”
Tsilosaninin sözlərinə görə, BBC-nin bütün iddiaları yalnız etirazçıların sorğu nəticələrinə və onların şəxsi hisslərinə söykənir:
“BBC-nin ittihamlarının təməli yalnız etirazçıların sorğusu və onların subyektiv təsəvvürləridir.”
BBC-nin dərc etdiyi araşdırmada etirazların dağıdılması zamanı guya Birinci Dünya müharibəsi dövrünə aid “kamit” adlı maddənin istifadə olunduğu iddia edilirdi. Araşdırmanın istinad etdiyi mənbələrdən biri həkim Konstantine Çaxunaşvili olub. Lakin Çaxunaşvili daha sonra bildirib ki, onun sorğusu tibbi sübut deyil və o, “kamit” maddəsinin tərkibi və təsirləri üzrə elmi ədəbiyyatla tam tanış olmayıb.


