Məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək
Gürcüstan Təhsil Nazirliyi məktəb prosesində mobil telefonların istifadəsinin qadağan edilməsini planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu barədə təhsil naziri Givi Mikanadze ümumi təhsil islahatının milli konsepsiyasının təqdimatında açıqlama verib.
Nazirin sözlərinə görə, yeni qayda şagirdlərin dərs prosesinə tam fokuslanmasını təmin etməyə yönələcək və bunun üçün xüsusi standart hazırlanacaq. O bildirib ki, qadağa tətbiq olunarkən həm tədris prosesinin zərər görməməsi, həm də şagirdlərin valideynlərlə əlaqə imkanlarının məhdudlaşmaması əsas prinsip olacaq:
“Düşünürük ki, tədris mühitinə fokuslanmaq və dolğun iştirak üçün məktəb prosesində mobil telefonların istifadəsi qadağan olunmalıdır. Bu məqsədlə xüsusi qayda hazırlanacaq və müvafiq standart əsasında tətbiq ediləcək. Eyni zamanda balans qorunacaq ki, nə dərs prosesi zərər görsün, nə də şagirdin valideyn və digər vacib şəxslə əlaqə hüququ pozulsun.”


