“Gürcü Arzusu” BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırır
“Gürcü Arzusu” partiyası BBC-nin son günlərdə yayımladığı araşdırma materialına görə beynəlxalq məhkəmələrdə hüquqi mübarizəyə başlayır.
InterPress.ge xəbər veri ki, partiyanın bəyanatına əsasən, BBC Gürcüstan hökumətini ağır ittihamlarla hədəfə alıb və yayılan məlumatlar “heç bir faktla təsdiqlənməyən, maraqlı şəxslərin subyektiv fikirlərinə əsaslanan saxta iddialardır”.
Bəyanatda qeyd olunur ki, BBC-nin Gürcüstan hakimiyyətini hökumət əleyhinə etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə etməkdə ittiham edən materialı tamamilə əsassızdır:
“Bu səhər BBC-nin yayımladığı məqalədə bir çox absurd və yalan iddia ilə yanaşı, Gürcüstan hakimiyyətinə qarşı belə bir ittiham səsləndirilir ki, guya DİN qanunsuz aksiyalar zamanı ‘kimyəvi maddə’ tətbiq edib. ‘Dərin dövlətin’ təbliğat alətinə çevrilmiş media orqanının bu iddianı təsdiqləyən heç bir faktı yoxdur.”
Partiyanın açıqlamasında bildirilir ki, BBC məqaləni əsasən etirazlarda aktiv iştirak etmiş və ya cinayət işi üzrə məsuliyyət daşıyan şəxslərin fikirlərinə söykənib:
“Materialda fikirlər əsasən maraqlı şəxslərə, o cümlədən həkim Çaxunaşviliyə, saxlanılan Xasaiyaya, Şaişmelashviliyə, məhkum Bachiashviliyə və digər şəxslərə istinadən verilir. Bu iddiaların heç biri real faktlarla təsdiqlənmir.”
Partiya bildirir ki, BBC ilə məqalənin dərcindən əvvəl aktiv yazışma aparılıb və Britaniya mediasına təqdim olunan bütün suallara detallı cavab verilib. Onların sözlərinə görə, BBC nə hökumətin mövqeyini tam şəkildə dərc edib, nə də cavabların məqalədə 1 faizini belə əks etdirib:
“Nəticədə aldığımız məqalə – yalnız yalan məlumatların, manipulyasiyaların və siyasi məqsədli hücumların toplusudur.”
Bəyanatda həmçinin BBC-nin son aylarda bir neçə böyük media skandalında adı hallandığı, ABŞ Prezidenti Donald Trampın “montaj olunmuş müsahibəsi” hadisəsinin də buna nümunə olduğu vurğulanır.
“Gürcü Arzusu”nun bəyanatında deyilir ki:
“Gürcüstan hökumətinə qarşı böhtan xarakterli ittihamlar, polisə və dövlətçiliyə qarşı çirkli kampaniya aparıldığı üçün, yalan məlumat yayan media qurumu qarşısında hər bir hüquqi mexanizmdən istifadə ediləcək və məsələ beynəlxalq məhkəmələrdə qaldırılacaq.”
Xatırlatma: BBC-nin araşdırmasında iddia edilirdi ki, Gürcüstan hakimiyyəti ötən il hökumət əleyhinə etirazların dağıdılması zamanı “kamit” adlı kimyəvi maddədən – Birinci Dünya müharibəsi dövrünə aid agentdən – istifadə etmiş ola bilər. Araşdırmada nümayişçilərin göz yanması, nəfəs darlığı, öskürək və uzunmüddətli qusma kimi simptomlardan şikayətlənməsi qeyd olunurdu. BBC kimyəvi silah üzrə ekspertlərin fikirlərinə istinadən bu maddənin istifadəsi ehtimalını irəli sürmüşdü.


