Kaxa Kaladze BBC-nin araşdırmasını “adi cəfəngiyyat” adlandırdı
Tbilisi meri Kaxa Kaladze BBC-nin ötən il etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddənin istifadə oluna biləcəyi barədə yayımladığı araşdırmaya sərt reaksiya verib. Kaladze jurnalistlərlə söhbətində ifadə edib ki, yayılan məlumatlar “tamamilə yalan və absurddur”.
Onun sözlərinə görə, Gürcüstana qarşı məqsədyönlü informasiya hücumu həyata keçirilir:
“Bu, adi cəfəngiyyatdır. Görürsünüz ki, ölkəmizə necə hücum gedir – nə qədər çirkli iş varsa, hamısını etməyə hazırdırlar. Məqsəd yalnız yalan məlumatların yayılmasıdır.”
Kaladze bildirib ki, belə iddialara ciddi cavab verməyin belə mənası yoxdur:
“Bilmirəm, ümumiyyətlə, bu tip cəfəngiyyata ciddi cavab verməyə dəyərmi.”
Xatırladaq ki, BBC yayımladığı araşdırmada Gürcüstan hakimiyyətinin ötən il hökumət əleyhinə etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid “kamit” adlı kimyəvi maddədən istifadə edə biləcəyinə dair sübutların olduğunu iddia etmişdi.


