Aleko Elişaşvili məhkəmədə ittihamları rədd etdi: “Bu göz yaşı deyil, qəzəbdir – heç vaxt düşünməyin ki, zəifəm”
Terror aktına cəhd ittihamı ilə həbs olunan “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən Aleko Elişaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda ittihamlara münasibət bildirib və baş verənləri “ədalətsizliyə qarşı etirazın forması” adlandırıb. Siyasətçi deyib ki, məqsədi insanlara xəsarət yetirmək olmayıb.
Elişaşvilinin sözlərinə görə, məhkəmə binasına daxil olmaq və yanğın törətməyə cəhd qərarını əvvəlcədən düşünüb:
“Ədalətsizliyə, repressiyaya və zorakılığa etiraz etmək üçün ora getmişdim. Əgər kiməsə zərər vurmaq istəsəydim, heç kim sağ qalmazdı. Silahım doldurulmamışdı. Mənim məqsədim yanğın törətmək idi, kiməsə hücum etmək yox.”
Siyasətçi hadisə zamanı ona müqavimət göstərən məhkəmə məmurunun davranışını da qeyd edib:
“İlk məmur öz işini vicdanla gördü. Onu dəf edə bilmirdim, mənə yapışmışdı. Belə məmurlar çox olsaydı, vəziyyət başqa cür olardı.”
Elişaşvili çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib, lakin bunun “qəzəb və hirs” olduğunu vurğulayıb:
“Bu göz yaşı deyil, qəzəbdir və bögmədir. Heç vaxt düşünməyin ki, zəifəm.”
O, həmçinin bəzi siyasi həmkarlarından üzr istəyib və baş verənlərə görə məsuliyyət hiss etdiyini deyib.
Hakim çıxış zamanı ona irad bildirib, Elişaşvili isə cavabında “Nə qədər istəyirsən qeyd et” deyib.
Aleko Elişaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-323-cü maddəsi ilə – terror aktına cəhd ittihamı irəli sürülüb. Maddə 10 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur.
İstintaqın məlumatına görə:
-
Siyasətçi 29 noyabr saat 04:00 radələrində maskada Tbilisi Şəhər Məhkəməsinə yaxınlaşıb;
-
üzərində odlu silah, sursat və yanğın törətmək üçün ləvazimat olub;
-
çəkiclə məhkəmənin şüşələrini sındıraraq binanın içərisinə daxil olub;
-
sənədlərin və əşyaların üzərinə yanar maddə tökərək onları yandırmağa çalışıb;
-
bir məhkəmə məmuruna hücum edərək ona xəsarət yetirib.
Proses davam edir və Elişaşvili özünü təqsirli hesab etmədiyini bildirir.


