01 
Dek
2025
14:03
230

Giya Volski BBC-nin materialına cavab verdi: “Bu, Gürcüstana qarşı siyasi hücumun davamıdır və məlumat tamamilə yalandır”

Gürcüstan Parlamentinin birinci vitse-spikeri Giya Volski BBC-nin yayımladığı və ötən il etirazçıların dağıdılması üçün Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə edildiyini iddia edən araşdırmaya münasibət bildirib. Onun sözlərinə görə, material “saxta məlumat”dır və Gürcüstana qarşı siyasi təzyiq kampaniyasının bir hissəsi kimi görünür.

Volskinin sözlərinə görə, BBC-nin iddiaları heç bir faktla təsdiqlənmir:

“BBC özü yazır ki, həmin silah 1930-cu ilə qədər mövcud olub və sonra izsiz yoxa çıxıb. İndi isə ekstremist proseslər zəifləyəndə birdən-birə bəyan edirlər ki, guya Gürcüstanda belə silah var. Bu, heç bir sübutla, tibbi nəticə ilə və ya beynəlxalq təşkilatların hesabatları ilə təsdiqlənmir. Nə zəhərlənmə əlamətlərinə dair müraciətlər olub, nə də hər hansı araşdırmada belə fakt qeydə alınıb.”

Volski bildirib ki, Gürcüstanda istər kimyəvi, istərsə də digər növ silahlarla bağlı bütün məsələlər peşəkarlar tərəfindən diqqətlə nəzarətdə saxlanılır.

O əlavə edib ki, yayımlanan yazının məsuliyyəti bütövlükdə BBC-yə aid deyil, lakin müəyyən siyasi dairələr bu cür məlumatlarla Gürcüstan əleyhinə təzyiq mexanizmləri yaratmağa çalışır:

“Gürcüstan əleyhinə fəaliyyət göstərən müxtəlif strukturlar mövcuddur. Bunu bəziləri planlaşdırılmış, qarışıq informasiya və güc hücumları adlandırır. Bu yazı da həmin yalançı təbliğatın tərkib hissəsidir. Gürcüstana qarşı qurulan bu ‘sui-qəsd’ə tab gətirməliyik.”

Jurnalistin “BBC-nin məqaləsi Böyük Britaniyaya qarşı sanksiyaların tətbiqinə səbəb ola bilərmi?” sualına cavab verən Volski bildirdi ki, bu yazının məhz belə məqsədlə yayımlanması mümkün ehtimaldır:

“Düşünürəm ki, onların fikrincə, sanksiyalara və yaxud siyasi hücumların davamına əsas verəcək mövzular irəli sürüləcək. Bu yazının da həmin məqsədlə yayımlandığını istisna etmirəm. Ancaq nə bu məqalə, nə də digər təbliğat hücumları Gürcüstandakı real vəziyyətə uyğun gəlmir.”

Xatırladaq ki, BBC-nin araşdırmasında iddia olunurdu ki, ötən il hökumət əleyhinə mitinqlərin dağıdılması zamanı Gürcüstan hakimiyyəti Birinci Dünya müharibəsi dövründə istifadə edilən “kamit” adlı kimyəvi maddədən yararlanıb. Araşdırmada nümayişçilərin göz yanması, öskürək, nəfəs darlığı və uzunmüddətli qusma kimi simptomlardan şikayət etdiyi qeyd olunurdu. BBC bu iddianı kimyəvi silah üzrə ekspertlərin və səhiyyə əməkdaşlarının rəyləri ilə əsaslandırmağa çalışmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər