Kobaxidze: “Kifayət qədər savadlanmamış cəmiyyət asanlıqla manipulyasiyaya və xarici təsirlərə məruz qalır”
"Savadsız və ya zəif təhsil almış cəmiyyət manipulyasiyaya, xarici təsirlərə və nifrət ideologiyalarının yayılmasına daha açıq olur."
InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında çıxış edərək bildirib.
Onun sözlərinə görə, belə mühitlərdə bolşevizm, faşizm kimi ideologiyaların və bu gün “müasir liberal faşizm” adlandırdığı cərəyanların yayılması daha asandır.
Baş nazir qeyd edib ki, təsdiqlənməkdə olan ali təhsil islahatının konsepsiyası həm milli təhlükəsizlik, həm də ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
“Bu gün ali təhsil islahatının konsepsiyasını təsdiqləyirik. Bu islahatın məqsədi odur ki, gürcü tələbələri ölkədə ən yüksək standartlara cavab verən universitet təhsili alsın. Hamımıza məlumdur ki, təhsilin və savadlı cəmiyyətin ölkə üçün əhəmiyyəti böyükdür. Ölkə üçün ən təhlükəli olan, kifayət qədər və ya keyfiyyətli təhsil almamış cəmiyyətdir. Belə cəmiyyət asanlıqla manipulyasiyaya, xarici təsirlərə məruz qala bilir, nifrət toxumlarını səpmək və ideoloji təsir yaratmaq daha rahat olur. Tarixdə bolşevizm, faşizm bu cür yayıldı, bu gün isə analoji şəkildə müasir liberal faşizm yayılmağa çalışır,” – deyə Kobaxidze bildirib.
Baş nazir vurğulayıb ki, bu islahat milli təhlükəsizlik üçün də mühüm rol oynayır. Onun sözlərinə görə, Gürcüstanın düşmən qüvvələri 2004–2012-ci illərdə məqsədyönlü şəkildə təhsil sistemini zəiflədib: “Ölkəmizin milli təhlükəsizliyi bilavasitə təhsildən asılıdır. Bizim ölkəmizin düşmənləri bunu yaxşı bilirdilər və məhz buna görə də həmin illərdə həm ali, həm də ümumi təhsil sisteminin zəiflədilməsinə xüsusi diqqət ayırdılar.”
Kobaxidze əlavə edib ki, 90-cı illərdə, eləcə də 2004–2012-ci illərdə pozulan və geri düşən sahələr bu gün bərpa olunmalıdır. Yeni ali təhsil konsepsiyası məhz bu məqsədə xidmət edir və islahatın bütün əsas istiqamətlərini əhatə edir: institusional optimizasiya, kadr siyasətinin təkmilləşdirilməsi, müasir standartlara uyğun tədris proqramları və dərsliklərin hazırlanması, tədris və tədqiqatın inteqrasiyası, ali təhsilin prioritetlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, maliyyələşdirmə sisteminin yaxşılaşdırılması.
Baş nazir bildirib ki, konsepsiyanın təsdiqi ilə yanaşı, infrastrukturun inkişafı üzrə hazırlıq işləri də başlayacaq. Tbilisi–Rustavi xətti boyunca və Kutaisidə müasir standartlara uyğun kampusların yaradılması nəzərdə tutulur. Buraya auditoriyalar, laboratoriyalar, kitabxanalar, mədəniyyət və idman məkanları, tələbə yataqxanaları və digər infrastrukturlar daxildir: “Biz gələcək tələbələrimiz üçün iki kiçik cənnət yaratmalıyıq.”
Kobaxidzenin sözlərinə görə, sabah təhsil naziri ümumi təhsil üzrə yeni konsepsiyanı təqdim edəcək: “Təhsil islahatı məzmun baxımından kompleks olmalıdır və ali təhsil islahatı ilə yanaşı, ümumi təhsil sahəsində aparılacaq islahatlar da böyük əhəmiyyət kəsb edir. Bu barədə təhsil naziri sabah ictimaiyyətə ətraflı məlumat verəcək.”


