Kutaisidə atışma: 3 nəfər yaralanıb, onlardan biri xəstəxanada ölüb
Gürcüstanın Daxili İşlər Nazirliyi Kutaisidə baş verən və üç nəfərin yaralandığı, onlardan birinin isə xəstəxanada həyatını itirdiyi silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, naməlum şəxs Qamsaxurdiya küçəsində yerləşən binalardan birinin yaxınlığında odlu silahdan atəş açaraq üç nəfəri yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. Yaralılardan biri xəstəxanaya çatdırılsa da, göstərilən tibbi yardıma baxmayaraq dünyasını dəyişib.
DİN bildirir ki, cinayəti törətmiş şəxsin müəyyən olunması və saxlanılması istiqamətində polis əməkdaşları intensiv istintaq tədbirlərini davam etdirir.
Məlumata əsasən, İmereti Polis Departamentinin əməkdaşları hadisə ilə bağlı iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaqa başlayıblar.
İlkin istintaq məlumatına görə, naməlum şəxs Kutaisidə, Qamsaxurdiya küçəsində yerləşən binalardan birinin yanında odlu silahdan atəş açaraq 1970-ci il təvəllüdlü Ş.Q., 1979-cu il təvəllüdlü İ.R. və 1983-cü il təvəllüdlü İ.Q.-nu yaralayıb və ərazidən uzaqlaşıb.
Yaralıların hamısı təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb, lakin onlardan biri – Ş.Q. aldığı xəsarətlər səbəbilə həyatını itirib.
Hadisəni törədən şəxsin tapılması və saxlanılması üçün polis tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İstintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “l” bəndi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


