27 
Nybr
2025
11:27
392

Saakaşvili: “Biz birləşə bildiksə, indi nə baş verir? Məgər lənət altındayıq?” – keçmiş prezident birlik çağırışı etdi

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yayımladığı müraciətdə ölkədə birliyin və siyasi konsolidasiyanın əhəmiyyətindən danışıb.

InterPress.ge xəbər verir ki, o, şəxsi münasibətlərin və incikliklərin dövlət maraqlarından üstün tutulmamalı olduğunu vurğulayıb.

Saakaşvili xatırladıb ki, “Qızılgül inqilabı”ndan əvvəl o, Nino Burjanadze ilə üç il ərzində bir-biri ilə danışmamışdı, lakin ölkənin maraqları tələb etdikdə şəxsi inciklikləri kənara qoyduğunu bildirib:

“Burjanadze ilə üç il bir-birimizlə danışmırdıq. Onun fəaliyyətindən narazı idim. Amma məsələ dövlətin taleyi idi və mən bütün şəxsi inciklikləri dərhal kənara qoydum.”

Keçmiş prezident birlik mövzusunda Malayziya nümunəsini də misal çəkib. O, 1998-ci ildə Malayziyanın iqtisadi modeli ilə tanış olmaq üçün ölkəni ziyarət etdiyi zaman baş verən siyasi hadisələri xatırladıb:

“Həmin illərdə baş nazir Mahathir Mohamad öz müavini Ənvar İbrahimə qarşı saxta ittihamlar irəli sürdü və o, 15 ildən çox həbsdə qaldı. Bu müddətdə hakimiyyətə gələn Razak isə korrupsiyaya qurşanmış avtoritar liderə çevrildi. Növbəti seçkilər öncəsi Mahathir Ənvarın həyat yoldaşının yanına gedərək keçmişi unutmağı və ittifaq qurmağı təklif etdi. Onlar birlik yaratdılar və Razak seçkilərdə uduzdu. Bu gün 101 yaşlı Mahathir Malayziyada sakit yaşayır, Ənvar isə baş naziridir.”

Saakaşvili qeyd edib ki, belə siyasi rəqiblər belə birləşməyi bacardıqları halda, Gürcüstanda birliyin nədən mümkün olmadığını başa düşmək çətindir:

“Onlar bacardısa, bizə nə olub? Doğrudanmı hansısa lənətin altındayıq?”

Keçmiş prezident birlik çağırışını yeniləyib və şəxsi ambisiyaların milli məqsədlər qarşısında əngələ çevrilməməli olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər