26 
Nybr
2025
13:53
343

Kobaxidze: “Heç bir ərəb, rus və ya alman şəhəri tikilmir – mənzil almaq daimi yaşayış hüququnun qarantiyası deyil”

"Ölkədə heç bir “ərəblər şəhəri”, “rus şəhəri” və ya “alman şəhəri” tikilmir."

InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin plenar iclasında Eagle Hills layihəsi ilə bağlı yayılan iddialara cavab verərək bildirib.

Kobaxidzenin sözlərinə görə, layihə çərçivəsində Tbilisi və Batumi yaxınlığında sadəcə iki müasir və gözəl məhəllə inşa olunur və bunun siyasi manipulyasiyalarla əlaqəsi yoxdur.

Baş nazir müxalifətin yaydığı iddiaları təkzib edərək qeyd edib ki, mənzil alan əcnəbilər üçün heç bir xüsusi imtiyaz və ya avtomatik yaşayış icazəsi nəzərdə tutulmur.

Kobaxidze bildirib ki, Gürcüstan qanunvericiliyinə görə, mənzil alan əcnəbilərə yalnız qısamüddətli yaşayış icazəsi verilir:

“Bizim qanunlara əsasən, yaşayış icazəsinin verilməsi mənzilin dəyərinin 100 min dollardan yuxarı olması ilə bağlıdır. Bu icazə avtomatik verilmir – hər bir müraciət ayrıca araşdırılır və təhlükəsizlik yoxlamasından keçir. Üstəlik, bu icazə müvəqqətidir – 6 aydan 12 ayadək müddəti əhatə edir. Mənzilin alınması daim Gürcüstanda yaşamaq hüququnun qarantiyası ola bilməz.”

Baş nazir bildirib ki, son 4 ildə əcnəbilərə 60 mindən çox mənzil satılıb, lakin bunun ölkənin demoqrafik vəziyyətinə ciddi təsiri olmayıb. Kobaxidze bunu Gürcüstanın düzgün miqrasiya siyasəti ilə əlaqələndirib.

Kobaxidze vurğulayıb ki, Eagle Hills layihəsində iştirak edən əcnəbilər üçün heç bir əlavə imtiyaz nəzərdə tutulmayıb:

“Bu layihə çərçivəsində də heç bir xüsusi güzəşt verilmir. Qanunda nə nəzərdə tutulubsa, yalnız həmin qaydalar tətbiq olunur.”

Baş nazir müxalifəti manipulyasiya və cəmiyyətə yalan məlumat yaymaqda ittiham edib:

“Biləndə ki, ölkədə heç bir ərəb şəhəri tikilmir, sadəcə belə spekulyasiya etməməlisən. Elə məsələlər var ki, ‘Milli Hərəkat’, ‘Lelo’ və ya ‘Alt-Info’ olsan belə, belə spekulyasiyalara əl atmamalısan. Təəssüf ki, onların etikası belədir.”

Baş nazirin sözlərinə görə, Eagle Hills layihəsi ilə bağlı əsassız iddialar siyasi məqsədlərə xidmət edir və reallıqla heç bir əlaqəsi yoxdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər