21 
Nybr
2025
12:36
226

Şalva Papuaşvili: “Gürcüstanın sanksiyalardan yayınması barədə iddialar yalandır – bu, ölkəyə qarşı aparılan düşmən fəaliyyətidir”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili EPP üzvləri tərəfindən Avropa Komissiyasının nümayəndələrinə göndərilən və “Gürcüstan sanksiyalardan yayınır və Rusiyaya kömək edir” iddiasını ehtiva edən məktuba münasibət bildirib. Onun sözlərinə görə, bu ittiham tamamilə yalandır və artıq dəfələrlə sübuta yetirilib.

Papuaşvilinin sözlərinə görə, Ukrayna müharibəsinin ilk günlərindən etibarən Gürcüstana qarşı aparılan “isterika” fonunda belə iddiaların məqsədi ölkəyə təzyiq göstərmək və “marionet” kimi adlandırdığı “Vahid Milli Hərəkatı” hakimiyyətə gətirməkdir.

“Hamı bilir ki, bu iddialar yalandır. Ukraynada müharibə başlayandan bəri Gürcüstana qarşı aparılan isteriyanın fonunda bu dəfələrlə təsdiqlənib. Avropa İttifaqının özü etiraf etdi ki, Gürcüstan ərazisinin sanksiyaların dolanması məqsədilə istifadə olunduğuna dair bircə fakt belə tapılmayıb. Baxmayaraq ki, sərhəd ölkəsi kimi müəyyən risklər mövcuddur, nəzarət sistemi o qədər möhkəmdir ki, buna imkan olmayıb,” – deyə Papuaşvili bildirib.

O əlavə edib ki, EPP bu cür yalanları məqsədli şəkildə yayır:

“EPP-nin məqsədi öz siyasi gündəmini Gürcüstana sırımaq, öz marionet ‘Vahid Milli Hərəkatını’ hakimiyyətə gətirməkdir. Xarici bir siyasi təşkilat Gürcüstanda hakimiyyəti dəyişmək üçün alətlərdən istifadə etməyə çalışırsa – bu, ölkəmizə qarşı düşmən fəaliyyətdir.”

Papuaşvili qeyd edib ki, belə məktubların hazırlanmasında xaricdə olan “Vahid Milli Hərəkat” rəhbərliyinin və bəzi QHT-lərin iştirakı yüksək ehtimalla təsdiqlənir.

“Əgər bu məktub Gürcüstana qarşı düşmən fəaliyyətidirsə, deməli, onun hazırlanmasında iştirak edən QHT-lər, siyasətçilər və pasportu Gürcüstanda verilmiş şəxslər də düşmən fəaliyyətinə qoşulublar,” – deyə parlament sədri vurğulayıb.

Onun sözlərinə görə, hazırda radikal müxalifətin bir neçə nümayəndəsinə də eyni maddə ilə ittiham irəli sürülüb.

“Sənədin özü dezinformasiya və yalan narrativlərlə doludur və açıq şəkildə Gürcüstana qarşı düşmən fəaliyyətini göstərir,” – deyə Papuaşvili əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər