Kaxa Kaladze: “Bidzina İvanişviliyə qarşı şantaj davam edir – məqsəd ölkənin maraqlarının güzəştə gedilməsi idi”
Tbilisi meri Kaxa Kaladze “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin vəkili Temo Tsikvadzənin açıqlamasını şərh edərək bildirib ki, İvanişviliyə qarşı şantaj hələ də davam edir və onun əsas məqsədi ölkənin maraqlarının güzəştə gedilməsi olub.
Kaladzenin sözlərinə görə, İvanişvili ölkənin gələcəyi və maraqları məsələdə prinsipial mövqe nümayiş etdirib.
“Hamımız yaxşı bilirik ki, dünyanı idarə etməyə çalışan qeyri-formal mərkəzlər müxtəlif ölkələrə təsir göstərməyə çalışırlar. Bidzina İvanişviliyə qarşı şantaj da bu prosesin davamıdır. Şantajın əsas məqsədi ölkənin maraqlarının qurban verilməsi idi. Biz bununla bağlı dəfələrlə danışmışıq. Lakin o, prinsipial mövqe tutdu – söhbət ölkənin maraqlarından gedirsə, burada başqa mövzu ola bilməz. Elə bu prinsipial mövqe əsasında da siyasətimizi davam etdiririk və addımlarımızda ilk növbədə Gürcüstanın və gürcü xalqının maraqlarını əsas götürürük,” – deyə Kaladze bildirib.
O əlavə edib ki, əvvəlki bütün məhkəmə prosesləri qazanılıb, lakin vəsait geri qaytarılmayıb və yeni prosesdə də analoji vəziyyət gözlənilir.
“Məhkəmə uğurla başa çatacaq, amma qərar icra olunmayacaq – bu, sırf siyasi iradə məsələsidir və qeyri-formal idarəedicilərin tapşırıqlarının yerinə yetirilməsidir,” – deyə Kaladze vurğulayıb.
Kaxa Kaladze bildirib ki, hakimiyyət heç vaxt ölkənin və xalqın maraqlarını sanksiyalara görə güzəştə getməyəcək:
“Sanksiyalar tətbiq oluna bilər. Məsələn, Baltik ölkələrindən bəzilərinə daxil ola bilmirik. Amma ölkənin maraqları məsələsində sanksiyalar barədə danışmaq belə yersizdir. Mənim hansısa ölkəyə sərbəst gedə bilməyim üçün öz ölkəmin maraqlarını qurban verməliyəm? Bu, heç vaxt olmayacaq,” – deyə o bildirib.
Kaladze xatırladıb ki, müəyyən dairələr vaxtilə Gürcüstanı müharibəyə cəlb etməyə çağırırdı və “ikinci cəbhənin” açılmasını tələb edirdi.
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin vəkili Temo Çikvadzenin sözlərinə görə, İvanişvili həm “Credit Suisse”, həm də “Julius Baer” banklarında olan vəsaitlərin ona və ailəsinə verilməyəcəyilə tam barışıb. O bildirib ki, İvanişvili hətta məhkəmənin yekun qərarının 24 noyabrda çıxarılacağını belə öncədən bilməyib və məlumatı ictimai mənbədən öyrənib.
“Cənab İvanişvili və ailəsi bu vəsaitlər olmadan da ölkənin sülhünün və iqtisadi sabitliyinin qorunmasına, eyni zamanda xeyriyyəçilik fəaliyyətinə davam edir,” – deyə vəkil bildirib.


