Giorgi Qaxaria barəsində “Çorçana işi” üzrə qiyabi həbs qərarı verildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq baş naziri və “Qaxaria Gürcüstan üçün” partiyasının lideri Giorgi Qaxaria barəsində qiyabi həbs qərarı çıxarıb.
InterPress.ge xəbər verir ki, qərarı məhkəmənin hakimi David Kurtanidze elan edib.
Məhkəmə bu qərarla prokurorluğun təqdimatını tam şəkildə təmin edib. Prokuror proses zamanı bildirib ki, Giorgi Qaxarianın yeni cinayət törətmə ehtimalı, şahidlərə təsir göstərmək və ölkədən gizlənmək təhlükəsi mövcuddur.
Müdafiə tərəfi isə bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi üçün əsaslı sübutlar yoxdur. Qaxarianın vəkilləri onun barəsində qətimkan tədbiri seçilmədən prosesin davam etdirilməsini tələb ediblər. Vəkil Berdia Siçinava prosesdə deyib ki, “bu işdə ittiham təkcə Giorgi Qaxariaya yox, bütövlükdə Gürcüstana qarşı irəli sürülüb”. O, həmçinin əlavə edib ki, ortada “yeni cinayət”dən danışmaq absurddur, çünki “köhnə cinayət”in özü belə mövcud deyil.
Müdafiə tərəfi işi siyasi motivli adlandırıb və qeyd edib ki, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili Qaxariaya qarşı siyasi təqibi açıq şəkildə efirdə elan edib.
Giorgi Qaxaria məhkəmə prosesində iştirak etməyib. O, artıq bir neçə aydır ki, Gürcüstanda deyil.
Bu gün saat 20:00-da məhkəmə Qaxaria barəsində ikinci ittiham – 20 iyun aksiyasının dağıdılması ilə bağlı iş üzrə qətimkan tədbiri məsələsinə də baxacaq.
Xatırladaq ki, prokurorluq sabiq baş nazir və keçmiş daxili işlər nazirinə iki epizod üzrə – 20 iyun aksiyasının dağıdılması və “Çorçana işi” ilə bağlı cinayət təqibi başladıb.
Prokurorluğun məlumatına görə, 20 iyun 2019-cu ildə Giorgi Qaxaria xüsusi təyinatlılara qanunvericiliyin tələblərinə zidd olaraq xəbərdarlıq etmədən və aksiya iştirakçılarına ərazini tərk etmək imkanı vermədən xüsusi vasitələrdən paralel şəkildə istifadə etməyi əmr edib. Nəticədə yüzlərlə aksiya iştirakçısı müxtəlif xəsarətlər alıb, iki nəfər gözünü itirib, beş nəfər isə ağır bədən xəsarətləri ilə üzləşib.
“Çorçana işi” ilə bağlı prokurorluq bildirir ki, Qaxaria sərhəd xəttinə yaxın Çorçana kəndi istiqamətində əlavə polis postunun qurulması barədə qərarı təkbaşına verib. Bu addımdan sonra 2019-cu il 5 sentyabrda Tskhinvali rejiminin silahlı dəstələri Gürcüstanın nəzarətində olan ərazilərdə irəliləyərək yüksəklikləri ələ keçirib və təxminən 100 hektar meşə sahəsi işğal altına düşüb. Hadisələr bölgədə real silahlı qarşıdurma təhlükəsi yaradıb, bir neçə yaşayış evi də işğal zonasında qalıb.
Giorgi Qaxariaya irəli sürülmüş ittihamlar Gürcüstan Cinayət Məcəlləsinin 25, 117-ci maddəsinin 3-cü hissəsinin “m” bəndi və 333-cü maddənin 2-ci hissəsi ilə qiymətləndirilir ki, bu da 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


