Mixeil Saakaşvili: “Gürcüstanın azadlığını məhv edirlər və məni də məhv edirlər”
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hakim “Gürcü Arzusu” partiyasının əsas fiquru Bidzina İvanişvilini ölkənin azadlığını və müstəqilliyini məhv etməkdə ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvilinin məktubunu onun vəkili Vaxo Baramaşvili Rustavidə yerləşən №12 Penitensiar Müəssisənin qarşısında jurnalistlərə təqdim edib.
Saakaşvilinin sözlərinə görə, onun Rustavi həbsxanasına xəbərdarlıq edilmədən geri qaytarılması “Moskva ilə razılaşdırılmış addımdır”.
“Mənə elə gəlir ki, İvanişvili hər gün ‘bu gün kimə nə zərər vurum’ düşüncəsi ilə oyanır. Dünən məni yenidən zindana qaytardılar. Xəbərdarlıq etmədən Rustavi həbsxanasına gətirdilər və məni 2022-ci ilin martında zəhərləyən eyni şəxslər qarşıladı. O zaman möcüzə nəticəsində sağ qaldım və həmin zəhərlənmənin simptomları bu günə qədər davam edir. ‘Vivamedi’ klinikasının həkimlərinə təşəkkür edirəm — onlar həyatımı xilas etmək üçün mübarizə aparırdılar,” – Saakaşvili məktubunda yazır.
Onun sözlərinə görə, hakimiyyət onu “cəlladların yanına” qaytarmaqla həm tərəfdarlarını qorxutmağa, həm də Qərbə və Ukraynaya siyasi siqnal göndərməyə çalışır.
“Bu addım Qərbə mesajdır – İvanişvili vaxtilə mənim həyatımın qorunmasına dair öhdəlik götürmüşdü, amma indi bu vədlərin heç biri qüvvədə deyil. Əminəm ki, bunların hamısı Moskva ilə razılaşdırılıb. Mən postsovet məkanında ən uğurlu islahatların və Gürcüstanın azadlıq və dövlətçiliyinin simvoluyam. Onlar Gürcüstanın müstəqilliyini məhv edirlər və məni də məhv edirlər,” – deyə Saakaşvili bildirib.
Sonda o, tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb:
“İnsanlara demək istəyirəm: heç vaxt təslim olmayın, mübarizə aparın. Bizim qələbəmiz qaçılmazdır. Azadlığa şöhrət!”


