Daxili İşlər Nazirliyi düşən təyyarə nəticəsində ölən və itkin sayını açıqladı
Sığnaği bələdiyyəsində Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı ərazidə 18 nəfərin meyiti tapılıb, 2 nəfərin isə axtarış-xilasetmə işləri davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze hadisə yerində jurnalistlərə açıqlama verib.
Nazirin sözlərinə görə, əlavə məlumatlar Türkiyə tərəfi ilə razılaşdırıldıqdan sonra mərhələli şəkildə ictimaiyyətə təqdim ediləcək.
“18 nəfərin cəsədi tapılıb, 2 nəfərin axtarışı hələ də davam edir. Türkiyənin daxili işlər naziri ilə daimi əlaqə və koordinasiyadayam. Biz beynəlxalq istintaq qrupu yaratdıq, bu qrupa türkiyəli həmkarlarımız da daxildir. Bildiyiniz kimi, bu, hərbi təyyarədir və əlavə məlumatları Türkiyə tərəfi ilə razılaşdıraraq mərhələli şəkildə paylaşacağıq,” – deyə Geka Geladze bildirib.
Xatırladaq ki, noyabrın 11-də Sığnaği bələdiyyəsində, Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Məlumata görə, təyyarə Azərbaycan–Türkiyə marşrutu üzrə uçuş həyata keçirirdi.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə istintaq başladıb — bu maddə hava nəqliyyatının istismarı və ya təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan ölümü ilə bağlı məsuliyyəti nəzərdə tutur.


