27 
Okt
2025
15:48
313

Papuaşvili: Partiyaların qadağan olunmasıyla bağlı konstitusiya şikayəti hazırdır

"Siyasi partiyaların qadağan olunması haqqında konstitusiya şikayəti artıq hazırlanıb və bu gün parlament çoxluğunun iclasında müzakirəyə çıxarılacaq."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, sənəd sabah Konstitusiya Məhkəməsinə təqdim etmək üçün tam hazır olacaq.

“Şikayət hazırdır, hüquqi cəhətdən tamamlanma mərhələsindədir. Bu gün çoxluğun iclasında müzakirə olunacaq və düşünürəm ki, sabah artıq Konstitusiya Məhkəməsinə təqdim etməyə tam hazır olacaq”, – deyə Papuaşvili bəyan edib.

O, partiyaların qadağan edilməsinin konstitusiyaya uyğunluğu barədə də danışaraq qeyd edib ki, bu norma Gürcüstan Konstitusiyasında əvvəldən mövcud olub və oxşar praktika dünyanın bir çox ölkəsində tətbiq edilir:

“Bu məsələ həm Konstitusiyada, həm də qanunvericilikdə həmişə mövcud olub. Arxivə baxın – Nino Lomjaria vaxtilə konkret bir partiyanın antikonstitusion elan olunması üçün konstitusiya şikayəti hazırlamışdı və o zaman müxalifət deputatlarına belə müraciət etmişdi ki, bu şikayəti məhkəməyə təqdim etsinlər. İndi isə bəzi QHT-lərin bu məsələyə dair manipulyativ şərhləri sadəcə cəmiyyətin aldadılmasına yönəlib”, – deyə o vurğulayıb.

Papuaşvili bildirib ki, hazırlanan konstitusiya şikayətinin məqsədi “özünü qoruyan demokratiya” prinsipinin təmin edilməsidir:

“Görürük ki, bəzi siyasi partiyalardan Gürcüstanı zəiflətmək, hakimiyyəti qeyri-demokratik yolla dəyişmək üçün istifadə olunur. Müharibə təbliğatı, ərazi bütövlüyümüzün pozulması cəhdləri müşahidə edirik. Konstitusiyada açıq şəkildə göstərilir ki, hansı hallarda partiya qadağan edilə bilər. Hədəfimiz antikartvel və antikonstitusion fəaliyyətlərin əsas təşkilatçıları olan siyasi qüvvələrdir”, – bildirib parlament sədri.

O qeyd edib ki, bu, beynəlxalq standartlara uyğun yanaşmadır və bir sıra ölkələrdə tətbiq edilir:

“Moldovada bu yaxınlarda bir neçə partiya qadağan olundu, bundan əvvəl Ukraynada, Almaniyada isə həm partiyaların, həm də təşkilatların qadağan edilməsi mümkündür. Demokratiya öz düşmənlərindən qorunmalıdır”, – deyə Papuaşvili əlavə edib.

Bizimlə əlaqə saxlayın