DTX: Qaribaşvili, Liluaşvili, Parxçalaşvili və digər şəxslərin evlərində aparılan axtarış zamanı 7 milyon dollardan çox pul və yüzlərlə qiymətli əşya aşkarlandı - VİDEO
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dünən keçirilmiş genişmiqyaslı axtarış tədbirləri barədə rəsmi məlumat yayıb.
InterPress.ge xəbər verir ki, qurumun açıqlamasına görə, İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Parxçalaşvilinin, Romeo Mikautadzənin, Mixeil Çoxelinin, Vano və Tornike Parkaulilərinin, Sandro Liluaşvilinin və onların ailə üzvlərinin yaşayış evlərində axtarış aparılıb.
DTX-nin məlumatına əsasən, tədbirlər Tbilisidə, eləcə də Dedoplistsxaro, Vani, Çoxatauri və Borjomi rayonlarında həyata keçirilib. Ümumilikdə 24 ev və mənzil, həmçinin şəxsi axtarışlar həyata keçirilib.
Axtarışlarda 230-a yaxın əməkdaş – Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşları iştirak edib.
“Axtarış nəticəsində müxtəlif ünvanlardan ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları, 136 min lari, 198 ədəd qiymətli zinət əşyası və saat, eləcə də bahalı rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 mobil telefon və 119 elektron cihaz götürülüb,” – deyə DTX-nin brifinqində bildirilib.
Qurumun məlumatına görə, hazırda əməliyyat nəticəsində götürülən sənədlər və elektron cihazlardakı məlumatlar intensiv şəkildə araşdırılır.
DTX əlavə edib ki, əldə olunan materiallar əsasında nəğd pulların mənşəyi müəyyənləşdiriləcək, bundan sonra isə təhlükəsizlik və prokurorluq orqanları tərəfindən əlavə istintaq tədbirləri planlaşdırılacaq və müvafiq şəxslərə qarşı hüquqi reaksiya göstəriləcək.


