Bidzina İvanişvili ailəsi ilə birlikdə səs verməyə gedib
Bu gün, 4 oktyabrda keçirilən yerli özünüidarəetmə seçkilərində səsini verən “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili jurnalistlərə açıqlama verib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, bu gün Gürcüstanın yeni tarixində daha bir mühüm gündür.
“Bu gün ölkəmizin yeni tarixində daha bir önəmli gündür. Gürcüstanda son illərdə ardıcıl olaraq azad seçkilər keçirilir və bu gün də həmin vacib günlərdən biridir. ‘Gürcü Arzusu’ partiyası cəmiyyətə azad seçim imkanı verdi. Biz son illərdə azad sözün, azad biznesin və azad həyatın əsasını qoyduq,” – deyə İvanişvili bildirib.
Onun sözlərinə görə, son 13 ildə “Gürcü Arzusu” partiyası bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edib, lakin ən böyük uğur xalqın düşüncə tərzində baş verən dəyişiklikdir.
“Ən böyük nailiyyət ondan ibarətdir ki, həm ‘Gürcü Arzusu’ üzvləri, həm də cəmiyyət obyektiv təhlil aparmağı və tənqidi düşünməyi öyrənib. Cəmiyyətimiz artıq ağla qarayı ayırmağı bacarır,” – deyə İvanişvili qeyd edib.
Partiya liderinin sözlərinə görə, hökumətin hər bir nəticəsi xalqın iradəsini əks etdirir:
“Biz hər zaman xalqın istədiyi nəticəni alırıq,” – deyə Bidzina İvanişvili əlavə edib.
O, səsini ailə üzvləri ilə birlikdə seçki məntəqəsində verib.


