Associated Press: Repressiyalara baxmayaraq, Gürcüstanda etirazlar davam edi
Gürcüstanda hökumətin repressiyalarına baxmayaraq, etiraz aksiyaları davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu xəbər agentliyi Associated Press yazır.
Məlumata görə, etirazlar o vaxtdan başladı ki, Gürcüstan hökuməti Avropa İttifaqına üzvlük danışıqlarını dayandırdı. Hakimiyyət isə repressiyaları qanunlar vasitəsilə həyata keçirir, hansı ki, onların hədəfi nümayişçilər, hüquq müdafiəçiləri, QHT-lər və müstəqil medianı əhatə edir.
Associated Press qeyd edir ki, həftəsonu yerli seçkilərlə paralel olaraq daha çox etiraz aksiyası planlaşdırılır.
“3,7 milyon əhalisi olan Cənubi Qafqaz ölkəsində baş verən repressiyalar Gürcüstanın təsirli qonşusu və keçmiş imperiya hakimi Rusiya ilə müqayisə olunur. Rusiyada prezident Vladimir Putin fərqli fikri boğur. ‘Gürcü Arzusu’ isə ölkəni Moskvanın təsir orbitinə çəkməkdə ittiham olunur”, – deyə məqalədə bildirilir.
Agentlik yazır ki, əsasən dinc xarakter daşıyan etiraz aksiyalarının zorakı dağıdılması 2024-cü ilin noyabrında daha da gücləndi. İki həftə ərzində 400-dən çox insan saxlanıldı. Amnesty International-ın məlumatına görə, azı 300 nəfər ağır döyülmə və digər qeyri-insani rəftar barədə şikayət edib. Qrupun bildirdiyinə görə, ən çox zorakılıq saxlanma yerlərində baş verir.
Transparency International Georgia-nın məlumatına əsasən, 2024-cü ilin aprelindən 2025-ci ilin avqustuna qədər etirazlarda azı 76 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 60-dan çox şəxs isə həbs edilib.
“Cinayət təqiblərinin sayı ehtimal ki, daha yüksəkdir və daha çox insana böyük cərimələr tətbiq olunub. Hakimiyyət həmçinin müxalifət siyasətçilərini və partiyaları, hüquq müdafiəçilərini və medianı hədəfə alıb. Yayda müxalifətin səkkiz lideri parlamentin istintaq komissiyası ilə əməkdaşlıqdan imtina ittihamı ilə həbs olundu, daha iki nəfər isə sonradan müxtəlif ittihamlarla saxlanıldı. Müxalifət bu həbsləri siyasi motivli adlandırdı. Avqustda hakimiyyət yeddi hüquq müdafiə təşkilatının bank hesablarını dondurdu. Prokurorluq isə iddia etdi ki, onlar etirazçılara maska, bibər qazı və qoruyucu eynək kimi ləvazimatlar çatdırırmış”, – deyə AP yazır.
Məqalədə vurğulanır ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bu həftə bəyan edib: “2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına üzvlük məqsədi realist və əldə edilə biləndir”.
Lakin Avropa Komissiyasının nümayəndəsi Associated Press-ə bildirib ki, Gürcüstan hakimiyyətinin repressiv hərəkətləri namizəd ölkədən gözlənilən addımlardan çox uzaqdır:
“Avropa İttifaqı Gürcüstanın Aİ-yə üzvlük yoluna qayıtmasını müzakirə etməyə hazırdır, əgər hakimiyyət demokratik geriləməni dayandırmaq üçün etibarlı addımlar atarsa”.


