Salome Zurabişvili: “Gürcüstanı təcridə salmaq istəyirlər – bu, Moskvanın diktəsidir”
Ölkənin əsas problemlərindən biri onun kiçik olması və hazırkı hakimiyyətin Moskvanın göstərişi ilə Gürcüstanı təcridə salmağa çalışmasıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Zurabişvilinin sözlərinə görə, Gürcüstan hazırda hibrid müharibənin hədəfidir: “Rus imperalizminin təsirini bərpa etmə ssenariləri ən çox bizdə sınaqdan keçirilir. Hibrid müharibə onların yeni alətidir – təbliğat, kiberhücumlar, seçki manipulyasiyası. Onlar bizim öz demokratik institutlarımızdan istifadə edirlər. Bu isə totalitarizmin demokratiyanı təhrif etməsidir. Bunun qarşısı yalnız güclü vətəndaş möhkəmliyi ilə alına bilər və bizdə bu var”.
O vurğulayıb ki, vətəndaş cəmiyyətinin müqaviməti mühüm olsa da, beynəlxalq diqqət və dəstək olmadan kifayət etmir: “Gürcü xalqı artıq 308 gündür Tbilisinin küçələrində dinc şəkildə etiraz edir. Heç bir vitrin sındırılmayıb, amma onların ailələrinə, valideynlərinə, hətta nənə-babalarına təzyiq göstərilir. Buna baxmayaraq, insanlar geri çəkilmirlər”.
Zurabişvili bəzi tərəfdaşların hakimiyyətlə əməkdaşlıq yolu ilə Gürcüstanı yenidən Qərbyönlü xəttə qaytarmaq barədə düşündüyünü illüziya adlandırıb: “Rusiyanın qucağına bu qədər uzağa getmiş bir partiyanı geri qaytarmaq mümkün deyil. Amma xalqı qorumaq, ona sahib çıxmaq mümkündür. Gürcüstan itirilməyib, çünki Gürcüstan xalqıdır. Gürcü xalqı heç vaxt Rusiyanın hökmranlığına qayıtmayacaq. Bizə isə sizin diqqətiniz və həmrəyliyiniz lazımdır”.
Prezidentin sözlərinə görə, çoxsaylı qlobal böhranların fonunda kiçik bir ölkə üçün beynəlxalq səhnədə varlığını qorumaq çətindir və məhz buna görə Gürcüstanın dostlarının dəstəyi həyati əhəmiyyət daşıyır.


