Tina Xidaşeli: “Gürcü Arzusu avtoritar rejimlərə xidmət edən yolu seçdi"
"Hakim partiya “Gürcü Arzusu” avtoritar rejimlərə xidmət edən yolu seçib."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın sabiq müdafiə naziri Tina Xidaşeli Helsinkidə keçirilən komissiya iclasında çıxış edərək bildirib.
Onun sözlərinə görə, hakimiyyət Qərb şirkətlərinə əngəl yaradaraq Çin şirkətlərinə üstünlük verib, bu baxımdan isə Anakliya limanı nümunə göstərilib:
“Azad, demokratik, Qərbyönlü Gürcüstan Moskva, Tehran və getdikcə daha çox Pekin üçün qəbuledilməzdir. Təəssüf ki, ‘Gürcü Arzusu’ mübarizə aparmaq əvəzinə, avtoritar rejimlərə xidmət yolunu seçdi. Onlar institutların əsaslarını sarsıtdılar, seçkiləri saxtalaşdırdılar, fərqli fikri cinayətləşdirdilər, müxalifət liderlərini həbs etdilər, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etdilər və seçici iradəsini qorumaqdan imtina etdilər. Anakliya limanı bunun bariz nümunəsidir – ABŞ-Gürcüstan konsorsiumu oradan uzaqlaşdırıldı, əvəzində Çin şirkətlərinə yol açmaq planlaşdırıldı”.
Xidaşelinin sözlərinə görə, “Gürcü Arzusunun” qurucusu Bidzina İvanişvili də Çin biznesləri ilə birbaşa əlaqəlidir:
“Tədqiqatlar sübut edir ki, İvanişvili şəxsən Çin bizneslərinə bağlıdır. 2018-ci ildə çox tanınmış Çin şirkəti CFC ilə başlanmış iş buna sübutdur. Bu şirkətin rəhbəri Nyu-York hava limanında külli miqdarda nağd pulla saxlanılmış, BMT rəsmilərinə rüşvət verməkdə ittiham olunmuşdu. Bu şirkətin Gürcüstanda təsiri olub, İvanişvilinin offşor şirkətləri isə onlarla açıq şəkildə əlaqəlidir. Beləcə, Gürcüstan Çinin orbitinə daxil olmağa başladı. Araşdırmalar göstərir ki, hətta bu insanlar Nyu-Yorkda həbs olunandan və dünyanın müxtəlif yerlərində istintaqlar aparılandan sonra belə, İvanişvili onlarla əməkdaşlığı davam etdirdi”.
Xidaşeli bildirib ki, bu yalnız bir nümunədir, lakin ən yaxşı sənədləşdirilmiş və araşdırılmış faktlardan biridir.


