Papuaşvili: Seçki qərargahına edilən hücum xarici müdaxilənin açıq nümunəsidir
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Tiflisdə “Gürcü Arzusu” partiyasının seçki qərargahı qarşısında baş verən hadisələrlə bağlı sosial şəbəkə vasitəsilə bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, o, hadisəni xarici müdaxilənin açıq nümunəsi adlandırıb və zorakı seçki mühiti yaratmaq cəhdi kimi qiymətləndirib.
Papuaşvili yazır ki, seçki qərargahına hücumlar “natsilər” və “titushkalar” tərəfindən təşkil olunub və bu, məqsədyönlü şəkildə seçki öncəsi zorakılıq atmosferi formalaşdırmaq məqsədi daşıyır.
“Tbilisidə seçki qərargahına ‘natsi titushkaların’ hücumları seçkilərə xarici müdaxilənin açıq nümunəsidir. Məqsəd – zorakı seçki mühiti yaratmaqdır,” – deyə o bildirib.
Papuaşvili bəyan edir ki, bu prosesə yalnız radikal qruplar deyil, eyni zamanda xarici maliyyə dəstəyi ilə fəaliyyət göstərən media platformaları da cəlb olunub. O, xüsusilə “Netgazeti”ni hədəf alaraq bildirib:
“Bu prosesdə bəzi xarici diplomatların təşviq etdiyi ekstremist qruplarla yanaşı, xaricdən maliyyələşdirilən təbliğat platformaları, o cümlədən Brüssel tərəfindən maliyyələşən ‘Netgazeti’ də iştirak edir. Bu qurum təkcə zorakılığı təbliğ etmir, həm də ‘Gürcü Arzusu’nun qərargahına qarşı hücumları özü təşkil edir.”
Parlament sədri, “Netgazeti”ni “zorakı media” adlandıraraq, bu termini Ruandanın məşhur “Min Təpə Radiosu” ilə müqayisə edir. Onun fikrincə, bu cür media qurumları xarici donorlar tərəfindən yaradılan təhlükəli vasitələrə çevrilib:
“Qərəzli, partiya yönümlü, sarı mətbuat çox görmüşük, amma ‘zorakı media’ – bu, yeni fenomendir. Ruandanın ‘Min Təpə Radiosunun’ timsalında bu, xarici donorların yaratdığı məhsuldur.”


