Kaxa Kaladze: “Biz dost da istəyirik, tərəfdaş da, ancaq Gürcüstanın maraqları tapdanmamalıdır”
Tbilisi meri Kaxa Kaladze bəzi Avropa rəsmilərinin Gürcüstana qarşı təzyiq vasitəsi kimi viza liberallaşmasını istifadə etməsinə qarşı çıxış edib.
InterPress.ge xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Kaladzenin sözlərinə görə, bəzi Avropa bürokratlarının Gürcüstana qarşı son “silahı” viza liberallaşmasıdır və bu məsələ ilə Gürcü xalqını şantaj edirlər:
“Gürcüstan hökuməti konkret addımlar atmağa hazırdır, ancaq bu, ikili standartlarla olmamalıdır. Onlara olar, bizə olmaz – belə yanaşma qəbuledilməzdir. Açıq şəkildə deyirlər ki, şəffaflıq pisdir və bu, Avropa dəyərlərinə, gələcəyə ziddir, inteqrasiyanı əngəlləyir. Axı bu necə ola bilər?”
O bildirib ki, heç bir arqument təqdim edilmədən bu məsələlər sadəcə siyasi spekulyasiyalarla müşayiət olunur.
Kaladze qeyd edib ki, əvvəllər Gürcüstana təzyiq vasitəsi kimi “kandidat statusu” və sonra “müzakirələrin açılıb-açılmaması” məsələlərindən istifadə olunub, indi isə viza mövzusu ortaya atılıb.
“Bunların hər biri ölkədə qarşıdurma və inqilab yaratmaq üçün alətə çevrilmişdi, amma heç bir nəticə əldə edə bilmədilər. İndi isə əllərində son vasitə kimi viza liberallaşması qalıb və bununla da Gürcü xalqını şantaj edirlər.”
Kaladze bildirib ki, Rusiyayla Ukrayna arasında müharibə davam etdikcə, Gürcüstanda “ikinci cəbhənin” açılması təhlükəsi də qalır:
“Bir Avropa lideri (dəqiq xatırlamıram, bəlkə də İsveçin və ya Danimarkanın baş naziri) açıq şəkildə dedi ki, Ukrayna eyni cinslərin nikahını qanuniləşdirməsə, Aİ-yə üzv ola bilməz. Hətta hökumət kabinetlərində bizə deyirdilər ki, müharibəyə başlayın, əks halda sizə qarşı nəticələr olacaq.”
Tbilisi meri vurğulayıb ki, Gürcüstan öz maraqlarını qorumalıdır və dostluq birtərəfli olmamalıdır:
“Biz dost da istəyirik, tərəfdaş da, ancaq bu, o demək deyil ki, bizim maraqlarımız tapdalanmalı və yalnız başqalarının maraqları gerçəkləşməlidir. Biz dostluğu və tərəfdaşlığı qarşılıqlı şəkildə bilirik.”


