Helsinki Komissiyasında Gürcüstanla bağlı dinləmə keçiriləcək
ABŞ Helsinkinin Komissiyası 10 sentyabrda “Tərəfdaşdan problemə: Gürcüstanın antiamerikan meyilləri” adlı dinləmə keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı komissiya rəsmi açıqlama ilə yayıb.
Məlumatda vurğulanır ki, bir vaxtlar ABŞ-ın əsas tərəfdaşı və Cənubi Qafqazda azadlığın “mayakı” hesab olunan Gürcüstan, hazırda hakim “Gürcü Arzusu” partiyasının siyasəti nəticəsində “Rusiyanın orbitinə qayıdır”, eyni zamanda Çin və ABŞ-ın digər rəqibləri ilə münasibətləri dərinləşdirir.
Komissiyanın bəyanatında bildirilir:
“Son illərdə ‘Gürcü Arzusu’ Gürcüstanın institutlarını zəiflətdi, ölkənin suverenliyini Çin investisiyalarının cəlb edilməsi ilə daha da sarsıtdı, ABŞ biznesi üçün isə Orta Dəhliz ticarətinə və Mərkəzi Asiyanın nadir mineral ehtiyatlarına çıxışı blokladı. Onlar müxalifət üzvlərini həbs etdilər, dinc etirazçılara qarşı zorakılıq tətbiq etdilər və geniş şəkildə qeyri-legitim hesab olunan seçkilərdən sonra hakimiyyəti təhvil verməkdən imtina etdilər. Bu, ABŞ-ın regiondakı maraqlarına birbaşa və ciddi təhlükə yaradır.”
Komissiyanın məlumatına əsasən, dinləmədə Gürcüstanın avtoritarizmə meylinin qlobal nəticələri müzakirə ediləcək. Həmçinin ABŞ siyasətinin mümkün variantları, o cümlədən ikipartiyalı "MEGOBARI Aktı" nın qəbul edilməsi nəzərdən keçiriləcək. Bu akt Gürcüstan xalqına müstəqilliklərini qorumaqda və ABŞ-la uzunmüddətli, qarşılıqlı faydalı münasibətləri davam etdirməkdə yardım etməyi hədəfləyir.
Dinləmədə şahid qismində iştirak edəcəklər: Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili, ölkənin sabiq müdafiə naziri Tinatin Xidaşeli, eləcə də Hadson İnstitutunun Avropa və Avrasiya Mərkəzinin baş tədqiqatçısı Luk Kof.


