Kaxa Kaladze: “Avropa bürokratları üçün əsas problem hakimiyyətdə ‘Gürcü Arzusu’nun olmasıdır”
Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqı ilə vizasız rejimin dayandırılması ehtimalına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, Avropa bürokratları üçün əsas narahatlıq odur ki, bu gün Gürcüstanda hakimiyyətdə xalqın seçdiyi, “patriot hökumət” adlandırdığı “Gürcü Arzusu”dur.
“Biz heç kəsi söymürük, heç kəsə hücum etmirik, sadəcə öz ölkəmizi, xalqımızı və maraqlarımızı qoruyuruq. Parlament qəbul etdiyi qanunla tam hüququndan istifadə edib. Bizə isə deyirlər ki, bu, Avropaya uyğun deyil. Sual edirik – niyə uyğun deyil? Əgər həqiqətən anti-avropa və anti-demokratikdirsə, bizə arqument gətirin, sübut edin. Amma bu günə qədər arqument təqdim olunmayıb. Yeganə cavab ‘çünki belədir’ olub və bunun əsasında qərar qəbul etmək olmaz. Biz bilirik ki, ‘Assosiasiya sazişi’ndə nəzərdə tutulan bütün öhdəliklər icra olunur. Problem yalnız siyasi komponent işə qarışanda yaranır. O zaman arqumentsiz, yalanla dolu bəyanatlar səslənir,” – deyə Kaladze vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan üçün müstəqillik və suverenlik hər şeydən üstündür:
“Biz niyə SSRİ-dən çıxdıq? Ona görə ki, azad, müstəqil olaq. Bunun üçün nəsillərimiz mübarizə apardı, qan töküldü. Bu gün müstəqil və azad olmaqdan böyük xoşbəxtlik yoxdur. Avropa İttifaqı yaradıldıqda, maraqlı olan da bu idi – hər ölkə öz mədəniyyəti, dəyərləri ilə birləşirdi, müxtəliflik vardı. İndi isə bizə deyirlər ki, mənim üçün olansa, sənin üçün ola bilməz. Bu, düzgün deyil. Bu, ikili standartdır. Onların əsas problemi odur ki, ‘Gürcü Arzusu’ hakimiyyətdədir və o, onlara deyilən ‘ikinci cəbhə’, ‘sanksiyalara qoşulmaq’ kimi boş tələblərə əməl etmir,” – deyə Tbilisi meri əlavə edib.
Kaladzenin fikrincə, hazırkı Avropa bürokratiyası artıq Avropanın əsasında duran dəyərlərdən uzaqlaşıb:
“Bu gün Avropa bürokratiyası tamamilə o dəyərlərdən uzaqlaşıb ki, Avropanı güclü edirdi və Gürcüstan da məhz bu dəyərlərə görə ona can atır,” – deyə Kaladze bildirib.


