02 
Sen
2025
15:14
178

Kaxa Kaladze: “Ölkədə qarışıqlıq yaratmaq və ekstremizmi maliyyələşdirmək cəhdləri QHT-lərin adı altında həyata keçirilirdi”

Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarını ölkədə qarışıqlıq yaratmaq və ekstremizmi maliyyələşdirməkdə ittiham edib.

InterPress.ge xəbər verir ki, Kaladzenin sözlərinə görə, bu proseslər QHT-lərin adı altında gizlədilsə də, əslində onlar siyasi fəaliyyətlə məşğul olurlar:

“Bəlkə kimin isə arzusu var ki, bütün bunlar sadəcə maska və eynək alınması kimi təqdim olunsun, amma belə deyil. Reallıq başqadır – ölkədə qarışıqlıq yaratmaq cəhdləri, ekstremizmin maliyyələşdirilməsi, cəmiyyətdə parçalanma və qarşıdurmanın dəstəklənməsi məhz həmin təşkilatların vasitəsilə həyata keçirilirdi. Bu, açıq-aşkar faktdır. Təəssüf ki, Gürcüstanda həqiqi mənada QHT yoxdur, onlar sırf siyasi fəaliyyətlə məşğuldurlar, sadəcə siyasi partiya adını daşımırlar,” – deyə mer vurğulayıb.

Kaladze əlavə edib ki, illərdir xarici maliyyə vəsaitləri ölkəyə QHT-lərin adı altında daxil olub və bu pullar siyasətə, televiziya kanallarına, ictimai qarşıdurmaların dərinləşməsinə, ekstremizmin maliyyələşdirilməsinə xərclənib:

“ABŞ prezidenti də açıq şəkildə bəyan etdi ki, müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda QHT-lər vasitəsilə çevriliş və inqilab cəhdləri olub. Bu, çox ciddi məsələdir və hər bir ölkədə belə hallara reaksiya verilir. İstintaq davam edir və çoxlu suallar mövcuddur. Mən irəlicədən qəti ifadələrlə danışmaq istəmirəm, amma gördüyümüz mənzərə çox ağırdır,” – deyə Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın