27 
Avq
2025
14:23
357

Tazo Datunaşvili: “Gürcü Arzusu Stalin dövrünün donos sistemini işə salıb”

“Lelo – Güclü Gürcüstan” partiyasının üzvü Tazo Datunaşvili Tbilisi Şəhər Məhkəməsinin yeddi qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulması barədə qərarını sərt tənqid edib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” bu addımı ilə ölkədə sovet tipli donos sistemini bərpa edib və QHT-lərə qarşı repressiya yolu seçib:

“Gürcü Arzusu bu günkü Gürcüstanda Stalin dövrünün sovet donos sistemini işə saldı. Donos ‘Gürcü Arzusu’nun əlində Gürcüstan siyasətinin əsas modus operandilərindən birinə çevrilib. Vato Şakarışvilinin donosunun əsasında yeddi QHT-nin bütün maliyyə hesablarına həbs qoyuldu. Bu, açıq şəkildə QHT-lərin təqibidir və Gürcüstanda demokratiyanı basdırmaq, avtoritar idarəetməni rəsmiləşdirmək cəhdidir”, – deyə Datunaşvili bildirib.

O, qeyd edib ki, bu addım Gürcüstanı Avropadan uzaqlaşdırır və vizasız rejimin ləğvi təhlükəsini daha da aktuallaşdırır:

“Bu hərəkəti AŞPA ekspertlərinin hesabatına cavab kimi də dəyərləndirmək olar. ‘Gürcü Arzusu’ tərəfdaşlarımızın tövsiyələrinin tam əksini edir və bununla da bir daha sübut edir ki, ölkədə rus xüsusi xidmət orqanlarının maraqlarını həyata keçirir. Gürcü xalqı ayılmalı və ‘Gürcü Arzusu’nun sülh yolu ilə, böyük xalq hərəkatı vasitəsilə sona çatdırılmasına qoşulmalıdır. 4 oktyabr seçkiləri bu prosesdə mərhələli hadisə olacaq. O gün gürcü xalqı göstərməlidir ki, donosçuluq, Beriya və Stalinin yolu Gürcüstanın gələcəyi ola bilməz”, – deyə Datunaşvili vurğulayıb.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun vəsatətini təmin edərək “Vətəndaş Cəmiyyətinin Fondu”, “Ədalətli Seçkilər və Demokratiyanın Beynəlxalq Cəmiyyəti”, “Məlumat Azadlığının İnkişafı İnstitutu”, “Demokratiya Müdafiəçiləri”, “Gürcüstan Demokratik Təşəbbüsü”, “Səfari” və “Sosial Ədalət Mərkəzi”nin bank hesablarına həbs qoyulub.

Prokurorluq açıqlayıb ki, istintaq sabotaj, ağır şəraitdə sabotaj cəhdi, xarici təşkilatlara düşmən fəaliyyətində yardım və konstitusiya quruluşuna qarşı maliyyə təminatı faktları üzrə aparılır.

Bizimlə əlaqə saxlayın