Kaxa Kaladze: “Müxalifətin gündəliyi məni maraqlandırmır, amma reallaşması mümkünsüz vədlərə izahat verməlidirlər”
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, o, müxalifətlə bağlı polemikaya girmək istəmir və onların siyasi gündəliyi onu maraqlandırmır. Lakin əgər seçkiöncəsi kampaniyada reallığa uyğun olmayan vədlər səsləndirilirsə, həmin partiyalar bunun izahını verməlidirlər.
“Oppozisiya haqqında danışmaq istəmirəm. Bir daha təkrar edirəm, bizim Tbilisi sakinləri ilə müzakirə edəcəyimiz çox mühüm mövzularımız var. Həmin partiyalara gəlincə, onların namizədləri var və əgər elə vədlər verirlərsə ki, əvvəlcədən məlumdur – bunlar mümkünsüzdür, həyata keçirilə bilməz, o zaman izah etməlidirlər ki, bunu haradan və necə etməyi düşünürlər. Məsələn, mən, Kaxa Kaladze, Tbilisi meri olaraq pensiyanın məbləğini dəyişə bilərəmmi? Bu çox böyük yalandır. Heç bir bələdiyyə başçısının pensiyanı artırmaq və ya azaltmaq imkanı yoxdur. Bu, sadəcə olaraq, xalqı aldatmaqdır”, – deyə Kaladze jurnalistlərin sualına cavabında bildirib.
O, əlavə edib ki, Tbilisi meriyası seçki kampaniyasına start verib və paytaxt sakinlərinə bir sıra mühüm yeniliklər təqdim olunacaq:
“Onların qarşılıqlı mübahisəsi mənim üçün maraqlı deyil, izahı özləri versinlər. Bizim kampaniyamız artıq başlayıb, hər gün görüşlər keçiririk və Tbilisi sakinlərinə maraqlı yeniliklər vəd edirik. Son 8 ildə çox mühüm layihələr həyata keçirmişik. Bu, reallıqdır və reallıqdan danışmaqdan çəkinməməliyik. Əlbəttə ki, problemlər və çağırışlar çoxdur – Tbilisi qədim şəhərdir, köhnəlmiş infrastruktur və qəzalı binalar var, bunların hamısının yenilənməsinə ehtiyac var. Bütün bunları gerçəkləşdirib ölkə vətəndaşlarına rifah gətirə biləcək yeganə siyasi qüvvə isə ‘Gürcü Arzusu’dur”, – deyə Kaxa Kaladze vurğulayıb.


