25 
Avq
2025
16:51
599

8 müxalifət partiyası etiraz aksiyası elan etdi

Gürcüstanda 8 müxalifət partiyası 13 sentyabr tarixində etiraz aksiyası keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə “Dəyişiklik üçün koalisiya”nın liderlərindən biri, Elene Xoştaria müxalifət partiyalarının birgə brifinqində açıqlayıb.

Xoştarianın sözlərinə görə, 31 avqustda Avropa İttifaqı tərəfindən İvanişvilinin rejiminə vizasız gediş-gəlişin qorunması üçün verilmiş müddət başa çatır, lakin hökumət bu istiqamətdə heç bir addım atmayıb. Əksinə, o, Gürcüstanı daha da Avropadan və Avropa gündəliyindən uzaqlaşdırıb.

“Bu, belə davam edəcək, çünki bu rejim mahiyyətcə rus rejimidir və nə Avropa, nə Avroatlantik gündəlik, nə də dövlətçiliyimiz və müstəqilliyimizlə uyğun gəlir. Bu, yalnız o zaman dəyişəcək ki, ölkəmizin əksəriyyəti kifayət qədər güc toplayıb bu rejimi sona çatdırsın”, – deyə Xoştaria bildirib.

O, bütün vətəndaşlara, siyasi baxışından asılı olmayaraq, müraciət edərək bildirib ki, kim Gürcüstan vətəndaşlığını, gürcü pasportunu, gürcü ailəsinin rifahını vətəndaşların xoşbəxtliyə doğru səyini qiymətləndirirsə, 13 sentyabrda birgə etirazda iştirak etsin:

“Gəlin çox olaq, küçəyə çıxaq və deyək ki, rus rejimi gürcü xalqını və Gürcüstanı təmsil etmir. Bütün müxalifət partiyalarını da çağırıram ki, rejimlə əməkdaşlıqdan əl çəksinlər, xalqı aldatmaqla səhv buraxmasınlar və 4 oktyabrda planlaşdırılan rus xüsusi əməliyyatında iştirak etməsinlər. 13 sentyabr saat 19:00-da Tbilisi Dövlət Universitetinin qarşısında toplaşırıq və marşla parlamentə doğru gedirik. Biz çoxuq və qələbəyə qədər mübarizə aparacağıq”, – deyə Elene Xoştaria vurğulayıb.

Bizimlə əlaqə saxlayın