Çin şirkətləri Gürcüstanın ikinci əl avtomobil bazarına maraq göstərir
Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çjou Tszien bildirib ki, son dövrlərdə bir neçə Çin logistik və elektron ticarət şirkəti Gürcüstana səfər edib və ölkənin ikinci əl avtomobil bazarına maraq nümayiş etdirib.
InterPress.ge xəbər verir ki, bu barədə o, “Businesspressnews”a müsahibəsində danışıb.
Səfirin sözlərinə görə, bəzi Çin şirkətləri Gürcüstandakı ikinci əl avtomobil elektron ticarət platformaları ilə maraqlanır və onların alınmasını nəzərdən keçirir. Çjou Tszien qeyd edib ki, “Orta Dəhliz” layihəsinin inkişafı və E60 sürətli magistralının tamamlanması ilə Gürcüstanın ticarət və nəqliyyat mərkəzi kimi potensialı daha da artacaq.
Diplomat əlavə edib ki, gələcəkdə azad sənaye zonaları və digər üstünlüklərdən istifadə etməklə Çin və Gürcüstan arasında ikinci əl avtomobillərlə ticarət sahəsində əməkdaşlıq başlaya bilər.
“Çin avtomobilin həm iri istehsalçısı, həm də istehlakçısıdır. Ümid edirik ki, gələcəkdə sertifikatlaşdırma ilə bağlı maneələri və digər çətinlikləri aradan qaldıraraq daha çox ikinci əl avtomobili Gürcüstana ixrac edəcəyik. Bu, təkcə Gürcüstan bazarının tələbatını qarşılamaqla kifayətlənməyəcək, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edəcək”, – deyə səfir vurğulayıb.
Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Gürcüstan Çindən 3 374 ədəd minik avtomobili idxal edib. Bu avtomobillərin ümumi dəyəri 27,7 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə Gürcüstana Çindən 1 665 ədəd minik avtomobili gətirilmişdi və onların dəyəri 26,3 milyon dollar olmuşdu.
Beləliklə, 2024-cü ildə Çin Gürcüstanın ən iri avtomobil təchizatçıları arasında 6-cı yerdə qərarlaşmışdısa, 2025-ci ildə 7-ci yeri tutub.


