Kaxa Kaladze: “İnqilab cəhdləri hər zaman məğlubiyyətə məhkum olacaq”
Tbilisinin meri Kaxa Kaladze 4 oktyabr seçkiləri ilə bağlı müxalifət nümayəndələrinin bəyanatlarını şərh edərkən bildirib ki, Gürcüstan dövləti ölkədə “dövlət çevrilişinə” yol verməyəcək.
Kaladzenin sözlərinə görə, inqilab cəhdləri yeni deyil və onların arxasında xaricdən idarə olunan qruplar dayanır:
“Bu, ölkədə inqilab cəhdinin ilk halı deyil. Bu istəyin indi də mövcudluğu görünür. Radikalların vasitəsilə belə addımlar atılmağa çalışılır. Mən hesab edirəm ki, bu cəhdlər davam edəcək, ancaq Gürcüstan dövləti ölkədə dövlət çevrilişinə imkan verməyəcək. Xaricdən idarə olunan qrupların qan tökməsinə və xalqın qarşıdurmasına yol açılmayacaq. Ölkədə bütün dövlət institutları öz məsuliyyətini yerinə yetirəcək. Hakimiyyətin dəyişməsinin yeganə yolu seçkilərdir. Seçkidə xalqın əksəriyyəti qərar verməlidir. Əgər azlıq zorla vəziyyəti dəyişmək, xalqı hədələmək və döymək istəyirsə, bu, mümkün olmayacaq. Belə hərəkətlər həmişə uğursuzluğa məhkumdur”, – deyə Kaladze vurğuladı.
O, həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinə toxunaraq bildirdi ki, onun marağı müxalifət namizədləri deyil, paytaxt sakinləridir:
“Opponirlərim barədə danışmaq marağım yoxdur. Mən Tbilisidə yaşayan insanlarla, onların problemləri və həyata keçirdiyimiz layihələr barədə danışıram. Çoxsaylı həyati əhəmiyyətli layihələr həyata keçirilib, lakin Tbilisi qədim şəhərdir və tarixi səbəblərə görə hələ də problemlər qalır. Biz bu problemlərin fərqindəyik və onların həlli yollarını bilirik”, – deyə Kaladze qeyd etdi.


