19 
Avq
2025
22:15
484

Əli Bədirovdan Ramal Əhmədovun ittihamlarına cavab: “Mənim nə VMH partiyasının səsinə, nə də Saakaşviliyə ehtiyacım var”

Vahid Milli Hərəkat Partiyasının Marneuli bələdiyyə deputatı Ramal Əhmədovun mediaya verdiyi açıqlamada, partiyanın oktyabrın 4-də keçiriləcək seçkilərdə iştirak etməyəcəyini bildirməsi və bu səbəbdən 5 nömrənin boş qalmasından istifadə edən bəzi şəxsləri ittiham etməsi siyasi mübahisəyə səbəb olub.

Əhmədov öz açıqlamasında iddia edib ki, partiyanın seçkilərə qatılmaması ilə 5 nömrə istifadəsiz qalıb və bu vəziyyətdən bəzi “saxtakar partiyalar” yararlanmağa çalışır.

O, keçmiş siyasətçi Əli Bədirovu hədəf alaraq bildirib ki, Bədirov Marneulidə 5 nömrənin aktivistləri ilə görüşlər keçirib, özünü Saakaşvilinin partiyasının nümayəndəsi kimi təqdim edərək saxta şəkildə 5 nömrə altında səs toplamış və başqa partiyadan namizəd olub.

Əli Bədirov isə InterPress.ge-yə verdiyi açıqlamada bu iddiaları qəti şəkildə təkzib edib. O bildirib:

“Elə bir vəziyyət yoxdur, elə bir görüşlər olmayıb. Ümumiyyətlə, mənim mer namizədi olmağımı istəyən partiyaların təkliflərini hələ qəbul etməmişəm və bu istiqamətdə konkret cavab verməmişəm. Əgər mən hələ namizəd deyiləmsə, necə görüşlər keçirib səs toplaya bilərəm? Ona görə də bu cür yalan məlumatlar həqiqəti əks etdirmir. Mən nə 5 nömrənin aktivistləri, nə də başqaları ilə seçki kampaniyası çərçivəsində heç bir görüş keçirməmişəm. Mənim özümün yetərincə tərəfdarım var, nə Vahid Milli Hərəkat Partiyasının, nə də Saakaşvilinin səsinə ehtiyacım var.”

Əli Bədirov Ramal Əhmədovun media çıxışının əsas məqsədinin onun səslərini azaltmaq olduğunu bildirib:

“Bu gün Ramal Əhmədov media vasitəsilə müsahibə verib. Onun əsas məqsədi mənim səslərimi azaltmaq idi. Amma ilk növbədə bildirmək istəyirəm ki, mənə edilən təkliflərə hələ konkret cavab verməmişəm. Fərqli partiyalardan merliyə namizədliyimlə bağlı təkliflər var. Qərar verdiyim halda ictimaiyyətə bunu şəxsən özüm elan edəcəyəm və o zaman Ramal Əhmədov üçün də hər şey aydın olacaq. Qərar vermədiyim halda onun bu cür tələsik açıqlamalar verməsi yersizdir. Mən ona məsləhət görərdim ki, əvvəlcə Azərbaycan və gürcü dillərini öyrənsin.”

O, həmçinin Gürcü Arzusunun namizədi Daur İsmayılovla bağlı da mövqeyini açıqlayıb:

“Ramal Əhmədov yalan danışmağı sevir. Mən Gürcü Arzusunun merliyə namizədi Daur İsmayılovu nə təbrik etmişəm, nə də təbrik edə bilərəm, çünki seçkilər hələ baş tutmayıb. Əgər mən namizəd olsam, Daur İsmayılov necə qalib ola bilər? Mən namizəd olsam, qələbə mənim olacaq. Seçkilər baş tutsun, əgər Daur İsmayılov Ramal Əhmədovun dediyi kimi qalib gələrsə və bu saxtakarlıqla olmazsa, o zaman təbrik məsələsini düşünərəm.”

Əli Bədirov əlavə edib ki, keçmiş prezident Mixail Saakaşvili son seçkilərdə zəif nəticə göstərmiş partiya nümayəndələrinin bu dəfə də iştirak etməsini istəmədiyindən, Vahid Milli Hərəkat Partiyası seçkilərə qatılmayıb. O bildirib:

“Saakaşvili özü Ramal Əhmədovun namizədliyini də istəmədi. Ramal sadəcə 5 nömrənin altında səs toplaya bilir – onun arxasında dayanan real seçici kütləsi yoxdur. Əgər dəstəkləyənləri varsa, buyursun, müstəqil namizəd olsun və görək neçə səs toplaya bilir. Mən həm müstəqil, həm də partiya namizədi olmuşam. Marneulidə kifayət qədər tərəfdarım var. Sabah namizəd olsam, qalib mən olaram, Daur İsmayılov yox.”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər