Kaxa Kaladze: “Həyatım boyu qanun pozuntusu etməmişəm”
Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze müxalifətin onu korrupsiya ittihamlarında suçlamasına cavab verib. O, “TV Pirveli” və bəzi müxalif qüvvələri “spekulyasiya”da günahlandıraraq bildirib ki, onun barəsində deyilənlər yalandır və heç vaxt qanun pozuntusu etməyib.
InterPress.ge xəbər verir ki, Kaladze bu açıqlamanı jurnalistin sualına cavab olaraq səsləndirib.
Sualda bildirilirdi ki, guya mer öz dostu İlia Tsulaya-nın vaqon təmiri zavodunun ərazisində, rekreasiya zonası əvəzinə yaşayış kompleksi tikməsinə “yaşıl işıq” yandırıb.
“Şəxsən sizə demirəm, amma baxın necə çirkinsiniz – spekulyasiya edirsiniz! Siz hamınız birsiniz – “TV Pirveli”, radikallar, guya müxalifət. Heç vaxt həqiqəti danışmırsınız. 2012-ci ildən siyasətdəyəm, bir dənə fakt göstərin ki, mən qanunu pozmuşam və ya düzgün olmayan qərar vermişəm! Amma göstərə bilməzsiniz, çünki belə bir şey yoxdur. Həyatım boyu qanuna zidd addım atmamışam” – deyə Kaladze vurğulayıb.
O, əlavə edib ki, sözügedən ərazi əvvəllər Tsilosaniyə məxsus olub və bələdiyyə tərəfindən təsdiqlənmiş inkişaf planına uyğun layihə həyata keçirilir: “Bu, əvvəlki sahibin təsdiqlətdiyi layihədir. Sonra həmin ərazini başqa bir şirkət alıb və mövcud plana əsasən inkişaf etdirir. Burada harada korrupsiya gördünüz? Özəl şəxsdən özəl şəxs ərazi alıb və layihə icra olunur”.
Kaladze həmçinin bildirib ki, kiminsə onun dostu, qohumu və ya övladının xaç atası olması biznes fəaliyyətinə mane olmamalıdır: “Bir fakt göstərin ki, kimsə mənim dostum olduğuna görə imtiyaz əldə edib. Yoxdur belə bir şey”.


