Şalva Papuaşvili: “Seçkilərdə ekstremist partiyaların az təmsil olunması Gürcüstan demokratiyası üçün daha yaxşıdır”
Parlament sədri Şalva Papuaşvili 4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkiləri ilə bağlı bildirib ki, seçkilərdə nə qədər az ekstremist partiya iştirak etsə, bu, Gürcüstan demokratiyası üçün bir o qədər faydalıdır.
Onun sözlərinə görə, “Vahid Milli Hərəkat” (VMH) seçkilərdə iştirak etməmək qərarı ilə seçki bülletenlərindən öz istəyi ilə çıxmış olacaq:
“Ötən parlament seçkilərində baryeri aşmış 4 partiyadan 2-si iştirak edir, 2-si isə yox. Bu, onların seçimidir. Mən həmişə demişəm ki, seçkilərdə ekstremist partiyaların daha az təmsil olunması demokratiya üçün müsbət nəticədir. Deməli, bu nəticə artıq yaxşıdır. ‘Vahid Milli Hərəkat’ öz adını daşıyan formal nüvəsi ilə seçki bülletenlərindən öz istəyi ilə silinmiş olacaq. Bu, ‘VMH’nin və ‘natsoba’nın’ ideologiya olaraq formal demontajıdır,” – deyə Papuaşvili bildirib.
Papuaşvili əlavə edib ki, “Gürcü Arzusu” seçkilərə fəal şəkildə hazırlaşır və kampaniyaya start verib. Onun sözlərinə görə, radikal müxalifətin məqsədi ölkədə qarışıqlıq yaratmaqdır:
“Bizim hədəfimiz bütün bələdiyyələrdə həm mer, həm də məclis seçkilərində qalib gəlməkdir. Radikal müxalifət isə seçiciyə vəd verir ki, mandat qazansalar, ölkəni qarışdıracaqlar, mərkəzi hakimiyyətə qarşı yerli hakimiyyətlər vasitəsilə sabotaj edəcəklər. Onlar açıq şəkildə deyirlər ki, əgər mandat alsalar, pozuculuq fəaliyyəti ilə məşğul olacaqlar. Heç kim onlara sabotaj üçün səs verməyəcək.”
O, həmçinin müxalifətin hansı namizədi irəli sürəcəyinin əhəmiyyət daşımadığını vurğulayıb:
“Hər kəs görür ki, bu seçkilərdə ‘Gürcü Arzusu’ inamlı şəkildə qalib gələcək. Bu səbəbdən müxalifətin hansı namizədi irəli sürəcəyi, o cümlədən Tbilisidə, əhəmiyyətli deyil. Çünki Tbilisinin merinin kim olduğu bəllidir – Kaxa Kaladze paytaxtımızı köklü şəkildə dəyişib.”


